Əsas ARKA-DALAÇIN FİLM FESTİVALI BAŞLADI

LAÇIN FİLM FESTİVALI BAŞLADI

by editor

Avqustun 24-27-də Laçın şəhərində Laçın Beynəlxalq Film Festivalı (Lachin International Film Festival – LIFF) keçirilir. “Where Film Meets LIFE” şüarı ilə keçirilən tədbir Qarabağ və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalı kimi regionun mədəni həyatında yeni səhifə açacaq.

Festivalda nümayiş olunmaq üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunub. Onların 38-i festivalın əsas proqramına daxil edilib. Festival çərçivəsində həmçinin 18 yerli film göstəriləcək. Azərbaycan kinosundakı gənc nəslin yeni yaradıcılıq baxışlarını bir araya gətirən bu filmlər müasir milli kinematoqrafiyamızın rəngarəngliyini və inkişaf dinamikasını əks etdirir. Müsabiqədə qalib gələn 7 film Laçın Beynəlxalq Film Festivalının rəsmi mükafatı olan “Qızıl Palıd Budağı”na layiq görüləcək. Festivalın rəsmi mükafatı Laçın meşələrinin simvolu olan Qırmızı Palıddan ilhamlanan “Qızıl Palıd Budağı”dır. Bu mükafat həm dözümlülüyü, həm də dirçəlişi təcəssüm etdirir. Azərbaycan Dövlət Gerbində də olan Palıd, çətin dağ iqlimində belə yaşam gücünü qoruyan, zamanla daha da möhkəmlənən iradənin simvoludur. Festivalın vizual identikliyi və mükafatları məhz bu metaforadan ilhamlanır: insan yaradıcılığının tənqidlər, müharibələr və çətinliklər qarşısında da solmadığını, əksinə, yeniləndiyini göstərmək.

Festivalın əsas məqsədləri Azərbaycan kinematoqrafçılarının beynəlxalq kino ictimaiyyəti ilə əlaqələrini genişləndirmək, müxtəlif ölkələrdən olan kino peşəkarlarını bir araya gətirmək, yeni yaradıcı əməkdaşlıqlar üçün imkan yaratmaq, Laçının beynəlxalq kino və yaradıcı sənaye məkanı kimi potensialını nümayiş etdirməkdir.

Festivalın təsisçisi və icraçı-yaradıcı tərəfdaşı Laçında fəaliyyət göstərən “HochazFilm Creative Studio”, direktoru isə studiyanın həmtəsisçisi və direktoru Amil Məmiyevdir (Amil Amal).

Tədbirin keçirilməsinə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyi (ARKA), Qarabağ Dirçəliş Fondu, Bakı Abadlıq Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Azərbaycan Prodüserlər Gildiyası, Laçın Abadlıq Xidməti dəstək verirlər.

Əlaqədar Yazılar