“ƏQRƏB MÖVSÜMÜ. İKİ DÜNYA BİR OLSA DA” SERİALI NÜMUNƏSİNDƏ YENİ SƏS TEXNOLOGİYASI
Azərbaycan televiziya sektorunda ilk dəfə olaraq yeni səs texnologiyası tətbiq olunub! Rejissor Emil Quliyevin yeni serialı “Əqrəb mövsümü. İki dünya bir olsa da” serialı stereo panoramik və immersiv səs dizaynı ilə tamaşaçılara təqdim olunub. İctimai Televiziyada yayımlanan bu serialın səs rejissoru Nadir Mahmudov səs texnologiyası sahəsində bir yeniliyə imza ataraq aktyorların səsini məkan daxilində hərəkət etdirən panoramik sistem qurub.
Bu texnologiya sayəsində tamaşaçılar aktyorların ekrandakı hərəkətlərini təkcə görmür, həm də səsini hiss edirlər. Hər bir aktyorun səsi həm mikrofon, həm də boom vasitəsilə ayrıca qeydə alınıb və peşəkar səs dizaynı ilə realistik panoramik effekt yaradılıb. Arxa fon səslərinin xüsusi təmizlənməsi isə tamaşaçıya tam aydın və dərin immersiv təcrübə təqdim edir.
Səs rejissoru Nadir Mahmudov bu texnologiyanı tətbiq edərkən filmin dinamika və canlılığını artırmaq məqsədi güddüyünü bildirir:
“Filmə keyfiyyətli qulaqlıq və ya yaxşı akustik mühitdə baxanda səslərin hərəkətini tam hiss etmək olur. Bu da izləyicini ekrana daha da bağlayır. Stereo sistemdə belə bir dinamik səs yaratmaq tamaşaçı üçün filmi daha real və həyəcanverici edir.”
Səs rejissorunun sözlərinə görə, bu texnologiyanın tətbiqi uzun və çətin bir proses olub:
“Aktyorların çox olduğu səhnələrdə səsin panoraması üzərində çox işlədik. Hər bir aktyorun səsi həm fərdi mikrofonundan, həm də bumdan ayrıca götürülərək ekrandakı hərəkətinə uyğun şəkildə panoramlandı. Bununla, səs sanki ekranda hərəkət edir və tamaşaçı aktyorun harada olduğunu sadəcə eşidərək anlaya bilir. Azərbaycan seriallarında bu sistem ilk dəfə tətbiq olunur və tamaşaçılar tərəfindən çox bəyənilib.”
Azərbaycan kinematoqrafiyasında immersiv səs dizaynına maraq artır və bu yeni yanaşma gələcək filmlərdə və seriallarda daha yüksək səviyyəli formatların tətbiqinə yol aça bilər.
İlk dəfə “Əqrəb mövsümü. İki dünya bir olsa da” serialında tətbiq olunan bu texnologiya Azərbaycan televiziya industriyasında səs keyfiyyəti üçün yeni standart müəyyən edə bilər.
Serial hər şənbə günü İctimai Televiziyada yayımlanır.


