Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Narimanfilm” studiyasının istehsal etdiyi “Akinak” filminin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərovdur. Ssenari İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoy tərəfindən qələmə alınıb, quruluşçu operator isə Ruslan Ağazadədir.
Filmdə hadisələr Azərbaycanın indiki ərazilərində bir zamanlar mövcud olmuş qədim İşquz (İç Oğuz) dövlətində baş verir. Düşmən hücumları ilə üz-üzə qalan dövləti və xalqı xilas etmək üçün vaxtilə Göylərdən göndərilmiş dörd müqəddəs əmanətdən biri “Akinak” adlı qılıncın tapılması zəruridir. Bu taleyüklü və çətin vəzifəni yerinə yetirmək üçün dörd igid gənc təhlükəli bir səfərə çıxır. Onlar məqsədlərinə çatmaq üçün həm real düşmənlərlə, həm də həmin düşmənlərin yaratdığı qaranlıq tilsimlərlə mübarizə aparmalı olurlar.
Filmin rejissoru Elxan Cəfərov kinoinfo.az-ın suallarını cavablandırıb.
Azərbaycan kinosunda macəra və tarixi janr hələ geniş yayılmayıb. “Akinak” təcrübəsindən sonra gələcəkdə yenidən bu istiqamətdə film çəkmək istəyərsinizmi?
Bu mənim tarixi mövzuya ilk müraciətimdir. Tarixi mövzulara müraciət etmək həm çətin, həm də məsuliyyətlidir. Tarixi film janrı ümumilikdə çətin janrdır. Əlbəttə, gələcəkdə bu istiqamətdə yenidən işləmək istərdim. Təkcə qədim tarix deyil, orta əsrlər və yaxın tarix də bizim üçün dəyərlidir. Hər bir tarix bizim sərvətimizdir və bu gün texnoloji və mədəni dəyişikliklər dövründə öz tarixinə sahib çıxmaq çox vacibdir.
Filmin auditoriyası gənclər olduğu üçün əsasən gənclərlə işləmisiniz. Bu sizin üçün çətin idimi?
Əlbəttə, çətinliklər olur. Peşəkar aktyorlar təcrübəli olduqları üçün kamera qarşısında özlərini daha rahat hiss edirlər. Onlar çəkiliş prosesinin qaydalarını yaxşı bilirlər. Gənclərlə işləmək bir qədər çətindir, amma sevindirici haldır ki, gənclər bu işə böyük maraq göstərirlər və bacarıqlarını ortaya qoyurlar. Kütləvi atlı döyüş səhnələrinin çəkilişi həm fiziki, həm də psixoloji baxımdan çətin idi. Çəkilişlərdə göstərilən dəstəyə görə Dövlət Sərhəd Xidmətinə təşəkkür edirəm.
Növbəti filmin çəkilişlərinə nə zaman başlayacaqsınız?
Hazırda filmin istehsal prosesi başlamayıb, yaxın vaxtlarda başlanması nəzərdə tutulur. “Şahdağ” prodakşnın istehsal etdiyi bu film də tarixi mövzudadır. Türkmənçay müqaviləsinin iki yüz illik tarixi bu layihənin əsasını təşkil edir. Yaxın və uzaq tariximizin hər biri bizim üçün dəyərlidir və böyük məmnuniyyətlə bu iş üzərində də işləməyi düşünürəm.
Qedy edək ki, “Akinak” filmin may ayından etibarən ölkənin bütün kinoteatrlarında geniş auditoriyaya nümayiş etdiriləcək.
Aynur Kazımova











































