Əsas FOTO “HİMAYƏDAR”IN ÇƏKİLİŞLƏRİ YEKUNLAŞDI + FOTOSESSİYA

“HİMAYƏDAR”IN ÇƏKİLİŞLƏRİ YEKUNLAŞDI + FOTOSESSİYA

by editor

Bakı Media Mərkəzinin istehsalı olan çoxseriyalı “Himayədar” filminin çəkiliş mərhələsi yekunlaşıb. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyeva həsr olunan filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgədə baş verən mühüm tarixi hadisələr əks etdirilir.

Filmin 15 aylıq hazırlıq və çəkiliş, 9 aylıq çəkiliş dövrü, 135 çəkiliş günü arxada qaldı. 15 aylıq hazırlıq və çəkiliş dövründə rəssam komandası 150-dən çox əsas qəhrəmanların geyim eskizlərini və geyimlərini, 400-dən çox geyim növlərini, 100 aksesuar – zərgərlik nümunələrini hazırlayıb. Bakı Media Mərkəzində yaradılan geyim emalatxanasında ölkənin müxtəlif bölgələrindəki sənətkarların dövrə uyğun hazırladıqları geyimlər, baş geyimləri, çəkmələr, çarıqlarla birgə müxtəlif məhsullar əldə olunub. Türkiyədən gətirilən köynəklər və kəmərlər, Hindistan sərgisindən alınan və şəxsi kolleksiyalarda saxlanılan zinət əşyaları və aksesuarlar kirayə götürülərək bazaya əlavə olunub. “Azərbaycanfilm” kinostudiyasının geyim və rekvizit bölməsindən 1600 əlbisə filmin geyim emalatxanasına daxil olub. Çəkiliş boyu 3600 insan geyindirilib və onların geyim davamiyyəti ssenariyə uyğun olaraq həll edilib.

8 seriyadan ibarət olması nəzərdə tutulan filmin çəkilişləri 70-dən çox məkanda aparılıb, 300-dən çox dekorasiya hazırlanıb.

“Himayədar” filminin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhimdir.

Qeyd edək ki, 2024-cü ildə Hacı Zeynalabdın Tağıyevin vəfatının 100-ci ildönümü tamam olur. Filmin il ərzində tamaşaçılara təqdim olunması nəzərdə tutulur.

Əlaqədar Yazılar