Azərbaycan Respublikası Kino Agentliyi ilə Türkiyənin “Skala Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən yaxın vaxtlarda “Qızıl qatar” (Altın tren) adlı birgə filmin istehsalı nəzərdə tutulur. Anlaşma Memorandumunu Azərbaycan tərəfdən Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, Türkiyə tərəfdən isə “Skala Film” şirkətinin idarə heyətinin sədri İsmayıl Bəyazid imzalayıb. Azərbaycan və Türkiyə kino bazarına çıxacaq filmin çəkilişlərinin Azərbaycanda aparılması planlaşdırılır. Film XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın qarşılıqlı əlaqələrindən bəhs edir. Xilaskar Nuru Paşanın Azərbaycana köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü vaqonların göndərilməsi filmin əsas sujet xəttini təşkil edir.
Agentlikdən verilən məlumata görə, filmin maliyyə məsələləri Türkiyə istehsalçıları tərəfindən həyata keçiriləcək. Memorandumda TÜRKSOY-a üzv ölkələrdən dəstək alınması da öz əksini tapıb.