Rejissor Orxan Ağazadənin “Məhbus” film layihəsi Berlin Beynəlxalq Film Festivalının “istedadların inkişafı proqramı”na seçilib. Bu proqram 2003-cü ildən etibarən hər il dünyanın kino və serial sənayesindən 200-ə yaxın yaradıcı şəxsi seçərək festival çərçivəsində müxtəlif workshop və master-klasslara cəlb edir.
Bundan əlavə, “Məhbus” layihəsi festivalın Script Station adlı ssenari layihələrinin inkişafı bölməsinə seçilən 10 tammetrajlı bədii film layihəsindən biridir. Məlumat üçün qeyd edək ki, müəlliflər Script Station proqramı çərçivəsində tanınmış ssenari ustadları ilə birlikdə öz layihələrini inkişaf etdirmək imkanları qazanırlar. Bu proqram çərçivəsində iştirakçılar mentorların rəhbərliyi ilə öz layihələrini European Film Market çərçivəsində beynəlxalq kino sənayesi mütəxəssislərinə təqdim etmək şansı da əldə edirlər.
Dram janrında olan “Məhbus” keçmişindən qurtula bilməyən Rasim adlı qəhrəman haqqında hekayəni əhatə edir. Bu layihə rejissorun ilk tammetrajlı bədii film layihəsi kimi təqdim olunur.
Xatırladırıq ki, “Məhbus” bundan öncə Fransada Kann Film Festivalının “Cinefondation ssenari inkişafı” və “Le Prévote rezidensiyaları”nın, eləcə də Türkiyənin “CineCollective inkişaf proqramı”nın da iştirakçısı olub.