Rejissor Azər Quliyevin “Sanki yoxsan” filmi 77-ci Kann Beynəlxalq Film Festivalında qısametrajlı filmlər müsabiqəsində baş mükafat uğrunda mübarizə aparır. 4420 film arasından seçilən 11 müsabiqə filmi 10 ölkəni təmsil edir: Azərbaycan, Bolqarıstan, Braziliya, Çin, Fransa, Xorvatiya, Kanada, Kosovo, Litva, Protuqaliya və ABŞ.
“Sanki yoxsan” filminin əsas qəhrəmanı Leyladır. Samir və Leyla ailələrindəki ixtilafdan qaçmaq qərarına gəldikdə, Samir səhəri gün yoxa çıxır. Özünü çətin vəziyyətə salan Leyla Samiri tapmağa çalışır və bu prosesdə o, itkin düşmüş sevgilisinin müəmmalı taleyinə qərq olur, özü də bu sirrin bir parçasına çevrilir.
İstehsal ili: 2024
İstehsalçı: La Luna Productions (Fransa)
Müddət: 15 dəqiqə
Janr: dram
Rejissor: Azər Quliyev
Ssenari müəllifləri: Azər Quliyev, Nicat Muxtarov
Operator: Konstantinos Koukoulios
Rəssam: Quram Navrizaşvili
Rollarda: Milana Həsənova, Oktay Mehdiyev, Elşən Məmmədov
Montajçılar: Nikolas Milteau, Mosmanue
Geyim rəssamı: Fidan Əbilova
Rəng korreksiyası: Dimitris Karteris
Səs rejissorları: Sənan Güləhmədzadə, Tomas Robert, Laure Arto
İcraçı prodüser: Mehman Fətullayev
Koprodüser: Əli-Səttar Quliyev
Prodüser: Sebastien Hussenot
Azər Quliyev festivalın saytına verdiyi müsahibədə bunları dilə gətirib: “Filmin adı buradakı dərin emosional mənzərəni əks-etdirir. Bu, sevdiyniz şəxsin yanınızda olmasına baxmayaraq, onun varlığının getdikcə uzaqlaşdığı hissini ifadə edir”.
Rejissor vurğulayır ki, süjetin universallığına baxmayaraq, filmdə güclü Azərbaycan atmosferi var. Azər Quliyev müsahibədə onun çəkdiyi bütün filmlərin şəxsi introspeksiyaya əsaslandığını və şəxsi travmalardan qaynaqlandığını etiraf edir.
Qeyd edək ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə 2014-cü ildə “Sonuncu” adlı qısametrajlı filmlə (rejissor Sergey Pikalov, Rusiya-Azərbaycan) festivalın müsabiqə bölməsində iştirak etmişik. “Sanki yoxsan” yaradıcı heyəti azərbaycanlılardan ibarət olan ikinci rəsmi müsabiqə iştirakımızdır.
Mayın 25-də 77-ci Kann Film Festivalında “Qızıl Palma” mərasimində qısametrajlı filmlərə görə “Qızıl Palma” mükafatı belçikalı aktrisa Lubna Azabalın sədrlik etdiyi münsiflər heyəti tərəfindən veriləcək.
FİLMİN TREYLERİ
https://www.festival-cannes.com/en/medialibrary/sanki-yoxsan-by-azer-guliev-trailer