Əsas EKRANDA “SPİNOZANIN TANRISI” NƏ DEYİR?

“SPİNOZANIN TANRISI” NƏ DEYİR?

by editor

AKTRİSA LALƏ SÜLEYMANOVA: ““GÜNAY”IN HİSSLƏRİNİ CİLOVLAMAQ ÇOX ÇƏTİN İDİ”

Rejissor Cavid Təvəkkülün Spinozanın Tanrısı” filminin təqdimatı Nizami Kino Mərkəzində baş tutub. Məlumat üçün qeyd edək ki, 2 saat 10 dəqiqə xronometrajlı bu filmin ssenari müəllifi və prodüseri Rəsul Allahverdiyevdir. Yaş həddi 16+ olan ekran əsəri Net Medianın əməkdaşlığı ilə Pelican Film Production tərəfindən istehsal olunub.

Filmin quruluşçu operatoru Hüseyn Devrim, operatoru Elvin Hacıəliyevdir. İkinci rejissor vəzifəsini Telman Talıb icra edib. Musiqi müəllifi Nicat Qafuroğludur.

Əsas rolları Türkay Cəfərli, Lalə Süleymanova və Fidan Bayramova canlandırıb. Digər rollarda isə Xalq artisti Vidadi Həsənov, Əməkdar artistlər Elşən Rüstəmov, Hüsniyyə Mürvətova, İqrar Salamov, Sədaqət Nuriyeva, aktyorlar Orxan Abışov, Nəzrin Abdullayeva, Sənan Fərzəliyev, Ayla Əliyeva, Jalə Novruz, Ramil Zeynalov, Niyaz İlyasoğlu və digər istedadlı aktyorlar çıxış ediblər.

Filmin baş rol ifaçılarından biri olan Lalə Süleymanova Kinoinfo.az saytının suallarını cavablandırıb.

– Canlandırdığınız obraz əvvəlki rollarınızdan fərqliydi deyəsən…

– Günay obrazının əvvəlki rollarımdan həm oxşar, həm də fərqli cəhətləri var. Tamaşalarda bu tip obrazlarım olub, amma filmdə ilk dəfə idi ki, belə bir xarakteri ifa edirdim.

– Bəs bu obrazın çətin və maraqlı tərəflərini necə ifadə edərdiniz?
– Rolun ən çətin və maraqlı tərəfi filmin sonuna qədər Günayın kim olduğunu izləyiciyə açmamağım olurdu. Tamaşaçılar filmi izləyəndə mənim nə etməyə çalışdığımı anlayacaqlar. Bu barədə çox danışsam, süjetin sonluğunu açıqlamış olaram. Ona görə gəlin bu barədə danışmağa tələsməyək. Amma onu deməliyəm ki, Günayın hisslərini cilovlamaq mənim üçün çox çətin idi.

– Rejissor Cavid Təvəkküllə işləmək, obrazınıza hazırlaşmaq… Bütün bunlar sizdə hansı assosiasiyanı doğurdu?

– Obrazıma çox qısa müddətdə hazırlaşdım. Rejissorumuz Cavid bəy bizə böyük dəstək oldu. Çəkiliş zamanı daim məsləhətləşir, səhnələri birlikdə işləyirdik. Ümumiyyətlə, “Spinozanın Tanrısı”nda çəkilməyim Cavid Təvəkküllə ilk işimiz idi. Onun mülayim xarakteri mənə və tərəf-müqabilimə çox kömək etmiş oldu. Düşünürəm dəyərli bir təcrübə qazana bildik.

– Çəkiliş prosesində hansısa çətinlikləriniz olurdumu?

-Yalnız soyuq havanın maneçiliyini öz üzərimdə hiss edirdim. Çünki mən soyuğa qarşı çox həssasam. Üşüyəndə özümü pis hiss edirəm. Yeganə çətinliyim də elə bu amil idi.

Aynur Kazımova

Əlaqədar Yazılar