Rejissor Murad Allahverdinin “Kür” tammetrajlı film layihəsi dünyanın aparıcı sənədli film festivallarından olan CPH:DOX və Avropanın nüfuzlu prodüser təlim platforması EAVE arasında keçirilən “CHANGE” beynəlxalq proqramın seçilmiş layihələri arasında yer alıb. Film layihəsinin prodüseri Afaq Yusiflidir.
Kreativ sənədli filmin elementlərini özündə birləşdirən 1 saat 10 dəqiqə xronometrajlı film layihəsi müşahidə əsaslı sənədli formatdadır. Layihədə təbiətlə insan arasındakı münasibətlər araşdırılır. Kür çayı Qafqaz regionunun ən həyati su mənbələrindən biridir. Bu çay Volqadan sonra 20 milyona yaxın insanın yaşadığı bölgədə Xəzər dənizinə tökülən üçüncü su arteriyası əhəmiyyətinə malikdir. Tarixi 4500 ilə dayanan Kür çayı əsrlərdir ki, böyük bir coğrafiyanın təsərrüfatlarının əsas su mənbəyi, eləcə də balıq ehtiyatlarının, biomüxtəlifliyin, flora və faunanın qorunması, çoxalmasında misilsiz rol oynayır. İnsanların yaddaşında özünə xüsusi yer eləmiş bu çay ölkəmizin insanlarına doğmalaşaraq Azərbaycan mədəniyyətində, ədəbiyyatında və adət-ənənələrində simvolik obraz kimi tanınır. Lakin təəssüflər olsun ki, Kür çayı bu gün iqlim dəyişikliyi səbəbindən quruma təhlükəsi ilə üz-üzə qalıb.
“Kür” film layihəsi tamaşaçını poetik və simvolik bir kino səyahətinə aparır. Filmin əsas xəyali qəhrəmanı – şaman qız çayın ruhunu xilas etmək üçün qədim ritualları həyata keçirir. Filmdə bu ritualistik yanaşma vasitəsilə insan və təbiət münasibətinin unudulmuş qatlarına enilir. Filmin məqsədi yalnız çayı deyil, həm də onunla bağlı olan gerçəkliyin portretini yaratmaqdır.
Məlumat üçün onu da qeyd edək ki, CHANGE proqramı Avropa və Şərq Tərəfdaşlığı ölkələrindən olan kinorejissor və prodüserlərə öz layihələrini beynəlxalq səviyyədə təqdim etmək, qlobal kino sənayesi ilə əlaqələr qurmaq və regional birgə istehsalları təşviq etmək imkanı yaradır. Proqram iştirakçılara həm də layihələrinin məzmununu dəqiqləşdirmək, maliyyə modellərini və istehsal mühitini anlamaq, eyni zamanda beynəlxalq bazarda fəaliyyət göstərmək bacarığı qazandırır. Bu il proqrama 700-dən çox müraciət daxil olub. Onlardan yalnız səkkiz layihə bəyənilib. Həmin səkkiz layihədən biri də Azərbaycandan seçilən “Kür” filmnin layihəsidir.

















