Əsas İRİ PLANDA VALEH ƏHMƏDOV: “BİZ SERİALLAR SAYƏSİNDƏ TƏCRÜBƏ TOPLADIQ”

VALEH ƏHMƏDOV: “BİZ SERİALLAR SAYƏSİNDƏ TƏCRÜBƏ TOPLADIQ”

by editor

DOSYE:

Valeh Əhmədov – rejissor / ssenarist/ prodüser

1984-cü ildə Bakıda anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb (2000-2006). Universitet illərindən KVN yarışlarında iştirak edib, sonra zarafatlardan ibarət qısa ssenarilər yazmağa başlayıb. Aktyor, ssenarist və quruluşçu kimi Azərbaycan çempionu olub. Azərbaycan Milli KVN Superliqasının qurucusu və baş təşkilatçısı olub. Bir çox televiziya layihələrində redaktor kimi fəaliyyət göstərib (Lider TV, ATV, Xəzər TV). 2010-2023-cü illərdə “Qələm” ssenarist komandasına rəhbərlik edib. Bu komandada indiyə qədər 30-a yaxın ssenarist fəaliyyət göstərib.

Valeh Əhmədov hazırda müstəqil prodüser / rejissor / ssenarist kimi fəaliyyət göstərir.

Salam, Valeh bəy. Gərgin iş rejimində bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Bilirik ki, yaxında tamaşaçıları yeni layihələrlə sevindirəcəksiniz. Yeni layihələrinizlə bağlı bir az sonra danışacayıq. Gəlin növbə ilə gedək. Əvvəlcə başlayaq TV-dən kinoya keçiş prosesinə. Bilirik ki, uzun müddət televiziyada sevilən və reytinqli serialların baş ssenaristi olmusunuz. Necə oldu ki, birdən-birə rejissorluğa, həm də kino sektoruna keçid elədiniz?

– Mən TV-də uzun müddət çalışmışam və indi də əmkdaşlığımı davam etdirirəm. 2010-cu ildə Xəzər TV-də ilk seriallarımıza başlamışıq. Belə deyək də, serial ssenaristliyi eyni zamanda məşq prosesidir. Biz seriallar sayəsində böyük təcrübə topladıq. Amma quruluş vermək mənim gənclik illərimdən başlayır. Mən səhnədə də quruluşlar vermişəm, Oradan təcrübə əldə etmişəm. Tammetrajlı film ilə ilk dəfə tanışlığımız 2018-ci ildə başladı və 2019-cu ildə rejissor kimi ilk tammetrajlı bədii filmimizi ekranlara buraxdıq: “Kişi ol’ filmi.

“Qələm” ssenari qrupuna rəhbərlik etmisiniz. Hazırda bu uşaqlar haradadırlar?

Qələm ssenarist qrupunun həmişə bizimlə qalan və bizdən ayrılan dəyərli üzvləri olub. Daha çox yeni başlayanlarla işə başlayıb, onların peşəkarlaşmasındaa, təcrübə toplamasında rol oynamışıq. İndiyə qədər 30-dan çox üzvümüz olub. Hazırda bir çoxu sərbəst fəaliyyət göstərirlər. Bizim yeni təsis etdiyimiz prodakşna gələn qrup üzvlərimiz də var. Bəzi layihələrmizdə digər dostlarımıza da müraciət edirik. Mən deyim ki, “Qələm” qrupunun üzvləri olmuş ssenaritslər hazırda bacarıqları ilə seçilirlər.

Gələk yeni filminizə. Maşallah. Eyni il ərzində 2 tammetrajlı bədii film. İli “Evdə qalmış” filmi ilə başladınız, “Xəyanətə yox” ilə bitirirsiniz. Bizə zəhmət olmasa yeni film haqqında məlumat verin.

Bu məqama xüsusi olaraq diqqət etməmişəm. Düz deyirsiniz, ilin əvvəlində bir filmlə başlayıb ilin sonunda isə başqa bir filmlə bitiririk. Mən Allahıma həmişə şükür edirəm ki, mənə uğurlu karyera nəsib edib. Məni gözəl və məsuliyyətli insanlarla rastlaşdırıb. O insanlarla görürük bu işi. Prodakşnımızın açılımı belədir ki, ‘VƏ’. Yəni mən heç bir işi tək görmürəm. ‘VƏ’ mütləq var mənim yanımda. ‘Mən və dostlarım, dostlarım və mən.’ Bu formada işimizə davam edirik.

“Xəyanətə yox” romantik komediyadır. Ssenarini Failə Nəbiyeva, Könül Ələsova və Çingiz Mütəllimovla birlikdə yazmışıq. Hər zaman yanımda olan Nicat Rəhimov, Mətanət Əliverdiyeva, Aysel Səlimli, Rəsul Abbasov kimi dəyərli dostlarım filmdə əsas rolları paylaşırlar. Məzmun isə əvvəlcə qadınların bir qrup ətrafında birləşərk kişi xəyanətinə qarşı mübazriə aparmasıdır. Daha sonra qrupa kişilər də qoşulduqca artıq bu mübarizə cins məsələsini aşır. Ortada bir düşmən olur: Xəyanət.

Tamaşaçıları komediya janrından başqa hansı janrda olan filmlərə baxmaq üçün zala toplamaq olar?

Digər janrlarda film çəkən həmkarlarımızdan da tamaşaçıları zala toplayanlar oldu. Həmçinin komediya filmləri çəkib ancaq uğur qazana bilməyən həmkarlarımız olub. Düzdür, dünya kinosunda da insanlar ən çox komediya janrında filmlərə baxmağa üstünlük verirlər, çünki stressdən uzaq olmaq və əylənmək istəyirlər. Lakin bu o demək deyil ki, tamaşaçılar digər janrlarda filmlərə baxmaq istəmir. Uyğun strategiya ilə istənilən janrda tamaşaçını ekran qarşısına yığmaq olar.

Sizcə tamaşaçıların arxasınca qaçmaq lazımdır, ya ssenarist, produserlər yeni ideyalar verə bilər?

Mən belə düşünürəm ki, tamaşaçıdan uzaq qaçmaq lazım deyil. Həm tamaşaçının, həm də müəllifin istəyinə yer verilməlidir. Hər ikisi müəyyən qədər olmalıdır, amma qəti sürətdə tamaşaçıdan uzaqlaşmaq olmaz.

– Bilirik sizin ehtiyatınız böyükdür. Qovluqda yeni ssenarilər çoxdur. Belə deyək, 2024-də Valeh Əhmədov və onun yeni prodakşnı bizi hansı filmlə sevindirəcək?

Qovluqda həddən artıq çox yazılmış, hazırlanmış, hətta planı qurulmuş bir çox layihələr var. İnşallah ki, biz də dəyərli izləyicilərimizi sevindirmək istəyirik. Onlar bizə həmişə dəstək olublar. ‘Evdə qalmış’ filmində də mən onların dəstəyini hiss etdim. “Evdə qalmış” filmi nadir filmlərdəndir ki, iki dəfə fərqli vaxtlarda nümayişə çıxarılıb. Yaz aylarında kinoteatrlrda idi. Sonra elə məsləhət oldu ki, payızda da kinoteatrlar yenidən filmi nümayiş etdirdilər. Elə tamaşaçılarımız var idi ki, hər iki nümayişdə gəldilər, izlədilər, hətta elə bir günümüz olmadı ki, gəlməsinlər. Yəni mən o qədər təşəkkür edirəm bizim izləyicilərə ki, elə bil sanki danışıb növbələşmişdilər ki, bu gün biz üçümüz gedəcəyik. Sabah siz 20 nəfər gedin, o biri gün 40 nəfər. Yəni elə bir gün olmadı ki, nümayişdə olduğumuz tarixlərdə izləyicilərimiz bizim filmə gəlməsin. Mən onlara öz təşəkkürümü bildirirəm. Mən gələcəkdə onların bədii ehtiyaclarını ödəmək üçün çox böyük işlər görmək istəyirəm. Bunların içində müxtəlif janrda, müxtəlif dövrləri əhatə edən layihələr var. Yetər ki, bunları həyata keçirmək bizə qismət olsun. Komediya, dram, romantik komediya və bir çox janlarda biz yeni layihələr üzərində çalışırıq. Çəkilişini gözləyirik, dəstəkçisini, sponsorunu gözləyirik. Get-gedə biz prodakşn olaraq istehsalatımızın sayını bir az da artırmağı düşünürük. Əgər konkret layihə adları istəyirsinizsə, 2024-cü ildə çəkilişini nəzərdə tutduğumuz bir neçə layihə var: Dram janrında olacaq “İki dondurma 40 nəfər” layihəsi, Qarabağ savaşından bəhs edəcək “Sərhəd”, kinoteatrlarda uğur qazanan “Evdə qalmış” filminin 2-ci hissəsi, “Xəyanətə yox” filminin 2-ci hissəsi və adını hələ tam qoymasam, da uşaqlarla bağlı istehsalını düşündüyümüz bir layihəmiz də var.

– Kinoİnfo üçün vaxt ayırdığınıza görə təşəkkür edirik. Layihələrinizdə sizə uğur arzu edirik.

– Mən də sizə fəaliyyətinizdə uğur arzu edirəm. Ümidvaram ki, sizin Kinoİnfo təşəbbüsünüz kino sektorununun inkişafına öz töhfəsini verəcək.

Əlaqədar Yazılar