Heydər Əliyev Mərkəzində Azərbaycan və Türkiyənin ortaq istehsalı, orta əsrlər Azərbaycan tarixindən bəhs edən “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin təqdimatı baş tutub.
Filmin baş prodüseri, ssenari həmmüəllifi olan və filmdə Qara Sunquru canlandıran İlqar Mehtinin dediyinə görə film-layihənin ərsəyə gətirilməsindən məqsəd tarixi şəxsiyyətlərimizi tanıtmaqdır.
Filmdəki əsas rollardan olan Şəmsəddin Eldəniz obrazını canlandıran Zabit Səmədov bildirib ki, bu rolu oynamaq onun üçün fəxrdir. Başqa bir tarixi film – “Kuruluş Osman”da qazandığı təcrübə ona bu rolu gözəl bir şəkildə təqdim edə bilməkdə yardımçı olub.
Filmin quruluşçu rejissoru Mecit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserləri İlqar Mehti, Sərvər Bayramov və Türkiyədən “İkinciYeni Film”i təmsil edən Furkan Bəsli, quruluşçu rəssamı isə Zəfər Malkoçdur. Filmdə epizodları 100-dən artıq aktyor canlandırıb. Ümumilikdə heyətdə 500 nəfərdən çox insan çalışıb. Əsas rolları İlqar Mehti (Qara Sunqur), Şəmsəddin Eldəniz (Zabit Səmədov), Xalq artisti Mehriban Zəki (Möminə Xatun), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) ifa ediblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) də rəsmi tərəfdaşı olduğu film AzTV Qapalı Səhmdar Cəmiyyətinin, “Şahdağfilm” prodakşnın, Türkiyənin “İkinciYeni Film”, “Patik Production” və “Ernet Grup” prodakşnlarının birgə əməkdaşlığı ilə istehsal olunub.
“Azərbaycan Atabəyləri”5 dekabr 2024-cü il tarixdən etibarən geniş tamaşaçı kütləsinə təqdim olunacaq.
Aynur Kazımova