Azərbaycan Respublikasının Kino Agentliyinin həyata keçirdiyi post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindən biri də “Yaddaş sarayları” filmidir. “Yaddaş sarayları” sənədli filminin çəkilişlərinə 2023-cü ilin yayında başlanılıb. “Rental Azərbaycan” şirkətinin istehsalı olan filmin rejissoru Mətləb Muxtarov, prodüseri Emil Nəcəfovdur.
“Yaddaş sarayları” filmi rejissorun ilk xatirəsinin axtarışı haqqındadır. Uşaqlığının ən maraqlı dövrünə qayıtmaq istəyən rejissor, o illərin izlərini tapmaq üçün doğulub-böyüdüyü şəhərin küçələrini gəzir. Bu gəzintilər onu ilk xatirəsinin olduğu yerə gətirir. Bu xatirə körpəlikdə itirdiyi atası və vəfat etmiş nənəsi ilə bağlıdır. Xatırladığı hadisə onun bir yaşı olanda baş verib. Rejissor bundan sonra ilk xatirəsinin həqiqətən baş verib-vermədiyini anasından öyrənməyə çalışır, amma anası onu əmin edir ki, həmin hadisəni xatırlaması mümkün deyil. Eşitdiyi cavabdan məyus olan rejissor başqa “ilk xatirə”lərinin axtarışına çıxır və axtarışlar onu 90-cı illərdə xalqının yaşadığı travmalara aparıb çıxarır.
Filmin xronometrajı 27 dəqiqədir. Çəkilişlər Sumqayıt şəhərində aparılıb.