Əsas ARKA-DA DÖVLƏT DƏSTƏYİ İLƏ ÇƏKİLMİŞ FİLMLƏRİN TƏQDİMATI KEÇİRİLƏCƏK

DÖVLƏT DƏSTƏYİ İLƏ ÇƏKİLMİŞ FİLMLƏRİN TƏQDİMATI KEÇİRİLƏCƏK

by editor

Yanvarın 17-də saat 19:00-da Nizami Kino Mərkəzində dövlət dəstəyi ilə istehsal olunmuş “Narqız” animasiya filminin, həmçinin “Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimatı keçiriləcək.

“Narqız” animasiya filmi Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin 2023-cü ildə təşkil etdiyi “Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərindən  biridir. “Peri Film” MMC tərəfindən istehsal olunmuş “Narqız” filminin rejissoru tamaşaçıların “Pıspısa xanım və siçan bəy” (Tıq-tıq xanım) animasiya filmi ilə yaxşı tanıdığı Məsud Pənahidir.

“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunmuş “Erkən hisslər” qısametrajlı bədii filmi də 2023-cü ildə keçirilmiş müsabiqənin qalib işlərindəndir. Ekran işinin rejissoru və ssenari müəllifi Nurlan Həsənlidir.

Kinotənqidçi, rejissor Hacı Səfərovun “Tərsinə kölgələr” qısametrajlı bədii filmi “Chinar Film” MMC tərəfindən istehsal olunub. Ekran əsəri 2024-cü ildə ARKA tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib.

Qeyd edək ki, ötən bir il ərzində Mədəniyyət Nazirliyi və ARKA tərəfindən 40-dan çox film layihəsinə maliyyə ayrılıb. Həmin filmlərin təqdimatı il ərzində davam edəcək.

Əlaqədar Yazılar