Əsas ARKA-DA QAYIDIŞ” FİLMİ TAMAŞAÇILARA TƏQDİM OLUNDU

QAYIDIŞ” FİLMİ TAMAŞAÇILARA TƏQDİM OLUNDU

by editor

ELMƏDDİN ALIYEV: “FİLMİN İDEYASI İNSANLARIN YURD YERLƏRİNƏ QAYIDIŞINA FOKUSLANIB”

Rejissor Elməddin Alıyevin ekranlaşdırdığı “Qayıdış” sənədli filminin təqdimatı baş tutub. 55 dəqiqəlik tammetrajlı sənədli film Qarabağa böyük qayıdışdan bəhs edir. Ekran əsərində Laçından didərgin düşmüş bir arıçı ailəsinin 30 ildən sonra doğma torpaqlarına dönməsi prosesləri təsvir olunub. Onlar öz arılarını da Laçına apararaq burada yaşayarkən mövcud olmuş təsərrüfatlarını yenidən qurmağa çalışırlar. 

Film “Karvan Film Production” tərəfindən istehsal olunub. Rejissoru Elməddin Alıyev, prodüserləri Elməddin Alıyevlə Emil Nəcəfov, ssenari müəllifi Elməddin Alıyev, operatoru Vasif Vəlizadədir. Layihəyə post-prodakşn mərhələsində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dəstək verib. İctimai Televiziya isə filmə informasiya dəstəyi göstərib. Kinoinfo.az portalının əməkdaşı zaman itirmədən tarixi yurd yerlərimizə qayıdış kimi həssas bir mövzulu filmin rejissoru ilə həmsöhbət olub.

-Elməddin müəllim, hər kəsin xüsusi sevgi ilə qarşıladığı bu ideyanın filmləşdirilməsi çox vaxtında atılmış addımdır. Sirr deyilsə, ideyanın necə yaranmasını oxucularımızla bölüşərdiniz…

Torpaqlarımız azad olunduqdan sonra Qarabağ mövzusunda bir film çəkmək istəyirdim. Təbii ki, bu istiqamətdə çəkilişini gözləyən, yazılmasına, deyilməsinə ehtiyac olan mövzularımız hələ çoxdur. Lakin bunların içərisində və başlanğıcında özümün bilavasitə içimdə yaşayan və bütün təfərrüatlarına bələd olduğum mövzunu seçməyi düşündüm. Bu əsnada ən səmimi şəkildə yanaşa biləcəyim mövzu öz ailəmin mənə tam bəlli hekayəsi ola bilərdi. Beləcə, bu ideyanı reallaşdırmağa qərar verdim. Filmin istehsal prosesi üç ilə yaxın vaxt apardı. Son mərhələdə montaj və səsləndirmə işləri qalmışdı. Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) müsabiqəsində qalib gəldikdən sonra isə layihəni tamamlamaq mümkün oldu.

-Çəkilişlər zamanı qarşılaşdığınız ən böyük çətinlikləriniz nə olurdu?

-Hər dəfə çəkilişlər üçün Qarabağa gedib-gəlmək böyük zaman və enerji tələb edirdi. Xüsusilə komanda, yəni bütün heyətlə birgə səfərlərin təşkili və başa çatması ilə bağlı çox çətinliklər yaşamalı olurduq.

-Filmin çəkilişlərinin duyğusal anları şübhəsiz ki, az olmayıb. Bəs onların içərisində ən çox təsirli səhnə hansı idi?

-Bilirsiniz, mən ilk dəfə idi ki, öz doğma evimizi görürdüm. Filmin qəhrəmanı olan atamın doğma məhəlləmizi, evimizi yenidən görməsi isə daha təsirli anlarla müşayiət olunurdu. Onun duyğularını lentə almaq, onun yaşantılarını ekran işində canlandıra bilmək…burada həm qürur var idi, həm nisgil var idi, həm xatirələrin oyanışı var idi! Bu hisslərin bir çoxunu tamamilə ehtiva edə bilməyin mümkünsüzlükləri, daha nələr…

-Bu filmi izləyəcək tamaşaçılara hansı əsas mesajı ötürmək istəyirdiniz?

-O qanlı-qadalı olaylardan, həyatda hər şeydən ağır olan yurd itkisi kimi yaşantılardan otuz il keçsə də hər kəsin bu əsnada öz ağrıları, qorxuları var. Amma insanlar bu baryerləri aşmalı və öz yurdlarına qayıtmalıdılar. Hər kəs öz təsərrüfatını qurmalı, ailəsinin işini davam etdirməli, o yerlərin qaynar həyatını bərpa etməli, torpağına, təsərrüfatına yiyələnməli, bütün bunlara həvəslənməlidi. Filmin ideyasının fokuslandığı əsas mesajlar bunlardır.

Qayıdış”ı beynəlxalq festivallarda təqdim etmək planınız varmı?

-Hazırda film distribütorlarla müzakirə mərhələsindədir. Əlbəttə uyğun tərəfdaş tapıldıqdan sonra filmi beynəlxalq festivallara göndərmək planımız var.

-Yaradıcılığınızda gələcək planlarınız nələrdir?

-Hazırda “Ağalı” adlı yeni tammetrajlı bədii film üzərində işləyirəm. İndi  hazırlıq mərhələsindəyik. İnşallah, may-iyun aylarında çəkilişlərə başlamağı planlaşdırırıq. 

-ARKA-nın post-prodakşn mərhələsində olan filmlər üçün maliyyə dəstəyinin filminizə nə kimi köməkliyi oldu?

-Post-prodakşn mərhələsi üçün dəstək müsabiqəsi çox vacibdir. Rejissor filmini müəyyən bir mərhələyə qədər çəkməsinə rəğmən maliyyə çatışmazlığı səbəbindən işini tamamlayıb təqdim edə bilmirsə, bu cür müsabiqələr belə işlərin yekunlaşmasına böyük kömək olur. Mən də elanı görən kimi iştirak etməyə qərar verdim.

Söhbətləşdi:

Aynur Kazımova

Əlaqədar Yazılar