Əsas FESTİVALLAR “SANKİ YOXSAN” FİLMİ BİŞKEKDƏ KEÇİRİLƏN “ÜMİD” BEYNƏLXALQ GƏNCLƏR FİLM FORUMUNDA MÜKAFAT ALDI

“SANKİ YOXSAN” FİLMİ BİŞKEKDƏ KEÇİRİLƏN “ÜMİD” BEYNƏLXALQ GƏNCLƏR FİLM FORUMUNDA MÜKAFAT ALDI

by editor

Aprelin 11-dən 14-dək Qırğızıstanın paytaxtı Bişkekdə 12-ci Beynəlxalq “Ümid” Gənclərin Film Forumu keçirilib. Forumda rejissor Azər Quliyevin “Sanki yoxsan” qısametrajlı bədii filmi münsiflər heyəti və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilərək beynəlxalq müsabiqənin baş mükafatına layiq görülüb. “Sanki yoxsan” filminin istehsalçısı Fransanın “LaLuna” şirkəti, rejissoru Azər Quliyev, icraçı prodüseri Mehman Fətullayev, ko-prodüseri Əli-Səttar Quliyevdir.

Forumda “Sanki yoxsan”la birgə Azərbaycandan rejissor Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” filmi də iştirak edib. “Sanki yoxsan” filminin rejissoru Azər Quliyev və icraçı prodüseri Mehman Fətullayev, həmçinin “Bir vaxtlar Sabunçuda” filminin prodüseri Sahil Məmmədov forumda iştirak ediblər.

Qeyd edək ki, forumun müsabiqə proqramına Ermənistandan “David bağı” sənədli filmi də daxil edilib. Filmin məzmunu ilə tanış olduqdan sonra Azərbaycan nümayəndə heyəti kəskin etirazını bildirib: “Filmdə Azərbaycan ərazilərinin tarixi-coğrafi kimliyini təhrif edən uydurma toponimlərdən istifadə olunub. Əsas personaj işğalçı qüvvələrin tərəfində olan silahlı münaqişələrin iştirakçısıdır”. Bununla əlaqədar Azərbaycan nümayəndə heyəti festivalın təşkilat komitəsinə “David bağı” filminin müsabiqə proqramında iştirakına yenidən baxılması çağırışı ilə rəsmi müraciət ünvanlayıb. Onlar bəyanatlarında siyasi təxribat elementlərini ehtiva edən, milyonlarla azərbaycanlının tarixi yaddaşını və hisslərini təhqir edən filmlərin nümayişinin yolverilməzliyini vurğulayıblar. Kinoforumunun təşkilat komitəsi Azərbaycan nümayəndə heyətinin bəyanatına hörmətlə yanaşıb. Müzakirələrdən sonra festival rəhbərliyi “David bağı” filminin müsabiqə nümayişindən çıxarılması barədə qərar qəbul edib. Bu qərarla bağlı məlumat kinoforumun rəsmi resurslarında, o cümlədən internet saytında və sosial şəbəkələrdəki səhifələrdə dərc olunub.

Əlaqədar Yazılar