“Səpələnmiş ölümlər arasında”, “Balıqlara xütbə” kimi filmləri ilə nüfuzlu beynəlxalq festivallarda bir neçə mükafat qazanmış rejissor Hilal Baydarovun “Daş üstündə daş” adlıyeni tammetrajlı film layihəsi 31-ci Sarayevo Film Festivalı çərçivəsində keçirilən “CineLink” Birgə İstehsal Bazarında təqdim olunacaq.
Bundan əvvəl “Xurmalar yetişəndə” filmi ilə 25-ci Sarayevo kinofestivalında “Ən yaxşı sənədli film” nominasiyasında “Sarayevonun ürəyi” (Heart of Sarajevo) mükafatını qazanmış Hilal Baydarov bu dəfə festivala “Daş üstündə daş” adlı yeni dramı ilə qayıdır.
Xatırladaq ki, bu il CineLink Industry Cənub-Şərqi Avropadan inkişaf mərhələsində olan doqquz perspektivli bədii film layihəsi seçib. Bu layihələr 16–20 iyun tarixlərində baş tutacaq CineLink Workshop-da iştirak edəcəklər.
CineLink komandası rejissorları prodüserlik, maliyyələşdirmə, distribusiya və satış sahəsində əsas qərarvericilərlə əlaqələndirərək layihələrin istehsal dəyərini artırmağı hədəfləyir. Həmçinin proqrama fərdi konsultasiyalar və peşəkar sessiyalar vasitəsilə ssenarinin inkişafına dəstək daxildir.
Hilal Baydarov və Georg Tillerin müəllifi olduğu “Daş üstündə daş” filmi çürüməkdə olan bir tikinti sahəsində yaşayıb-işləyən gənc cütlüyün həyatından bəhs edir. Onlar doğulmamış övladları üçün ümidli bir gələcək qurmağa çalışsalar da, yoxsulluq və istismar torunda ilişib qalıblar.
”Daş üstündə daş” filmi “Subobscura Films” və “Ucqar Film” tərəfindən istehsal olunub. Avstriya və Azərbaycanın ortaq istehsalı olan ekran işinin prodüserləri Maéva Ranaïvojaona, Georg Tiller və Hilal Baydarovdur.
