Əsas FESTİVALLARLOKARNO FİLM REZİDENSİYASI QƏBUL ELAN EDİR

LOKARNO FİLM REZİDENSİYASI QƏBUL ELAN EDİR

by editor

78-ci Lokarno Kino Festivalı yaradıcı fəaliyyətə yeni başlayan kinematoqrafçılar üçün unikal bir fürsət təklif edir.

Festival çərçivəsində keçirilən Lokarno Film Rezidensiyası  (Locarno Film Residency) ilk tammetrajlı filmlərini çəkməyə hazırlaşan və layihələri inkişaf mərhələsində olan kinematoqrafçıların qəbulunu elan edib.

Proqramın birinci mərhələsində müraciət edənlərin arasından 10 iştirakçı seçilərək 6-9 avqust tarixlərində baş tutacaq festivala dəvət olunacaq. Seçilmiş iştirakçılar festival müddətində üç nəfərdən ibarət münsiflət heyəti ilə öz layihələrini müzakirə etmək imkanı qazanacaqlar. Daha sonra münsiflərin rəyləri əsasında ikisi beynəlxalq, biri İsveçrədən olmaqla üç layihə seçiləcək. Qaliblər bir il boyu həm onlayn, həm də əyani şəkildə mentor proqramı (bir il ərzində layihələrini beynəlxalq peşəkarların nəzarəti altında inkişaf etdirmək imkanı) qazanacaqlar.

Layihə debüt tammetrajlı film üzərində işləyənlər üçün nəzərdə tutulub, müraciətlər iyunun 3-nə qədər qəbul olunur.

İlk əyani görüş qış aylarında Venesiyada, ikinci görüş 2026-cı ilin aprelində Fransanın Arl şəhərində  keçiriləcək. Qaliblərin bütün xərcləri Lokarno Film Rezidensiyası tərəfindən qarşılanacaq.

Proqramın sonunda qalib gələn layihə 79-cu Lokarno Kino Festivalında  5 min CHF (təxminən, 10 min manat) pul mükafatı ilə təltif ediləcək.

Qəbul şərtləri:

1. Proqrama yalnız inkişaf mərhələsində olan layihələr qəbul olunur;

2. Yaş həddi: 40 yaşa qədər;

3. Müraciət edənlərin portfoliosunda minimum bir qısametrajlı bədii və ya sənədli film olmalıdır;

4. İştirakçı ingilis dilində sərbəst danışmalıdır. 

Daha ətraflı məlaumat üçün: https://www.locarnofestival.ch/about/factory/residency.html

Əlaqədar Yazılar