Azərbaycan tarixi kino ekranında yeni bir layihə ilə canlandırılacaq. “Caspian Media Group” tərəfindən istehsal edilən və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) sifarişi ilə həyata keçirilən yeni bədii-sənədli filmin çəkilişlərinə başlanılıb: “ATROPATENA”.
Film həm sənədli faktların, həm də bədii təxəyyülün vəhdəti kimi qurulub və milli kimliyin formalaşmasında mühüm mərhələləri əhatə edəcək.
Filmin baş rollarında Rüstəm Cəbrayılov və Ümid Qədimli çəkilirlər. Ekran əsərində Duyğu Dəvəli, Səmimi Fərhad, Manaf Dadaşov, Rumiyə Ağayeva, Corc Qafarov, Nigar Qədirli və Xalq artisti Vidadi Həsənov da rol alırlar.
Layihənin quruluşçu rejissoru Elmar Bayramov tarixi materiallara əsaslanaraq, tamaşaçıya emosional və vizual baxımdan təsirli ekran əsəri təqdim etməyi hədəfləyir.
Filmin ssenari müəllifi Nicat Dadaşov, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Səbuhi Atababayev, geyim üzrə rəssamı Vüsal Rahim, baş prodüseri Hüseyn Cavadzadə, icraçı prodüseri Azər Həsənov, döyüş xoreoqrafiyası üzrə mütəxəssis isə Sain Fərhaddır.
Filmin hekayəsinə görə, Böyük İskəndərin Yaxın Şərqdə davam edən fəth yürüşləri zamanı Atropat ağılı, siyasi çevikliyi və döyüş cəsarəti ilə hökmdarın etimadını qazanır. Lakin onun əsas məqsədi yalnız İskəndərə xidmət etmək deyil, öz xalqını yadellilərin hökmündən qoruyaraq gələcək Atropatena dövlətinin təməlini qoymaqdır. İskəndərin saray intriqaları və qanlı savaşların fonunda Atropat öz müdrikliyi ilə həm tarixdə, həm də millət yaddaşında əbədi yer qazanır.
Hazırda çəkilişlər Azərbaycanın bir neçə bölgəsində – tarixi abidələri və təbiət mənzərələri ilə seçilən məkanlarda aparılır. Layihənin nümayəndələrinin sözlərinə görə, filmdə müasir texnoloji həllər və kino effektlərindən istifadə olunacaq.






