Vətən Müharibəsindən bəhs edən “44” adlı tammetrajlı bədii filminin çəkilişləri başa çatıb. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov özünün sosial media hesabında paylaşım edib: “4 il ərzində böyük zəhmətlə üzərində çalışdığımız “44” bədii filminin çəkilişləri bu gün uğurla başa çatdı. Qarşıdakı post-prodakşn mərhələsində bizi hələ ciddi və məsuliyyətli işlər gözləyir. Filmin ərsəyə gəlməsində əməyi olan fədakar komanda üzvlərimə, peşəkar aktyorlara və bu işə ürəkdən yanaşan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu cür istedadlı heyətlə çalışmaq həm böyük zövq, həm də dəyərli bir təcrübə oldu.
Allah şəhidlərimizə rəhmət eləsin. Ali Baş Komandanımıza və qəhrəman igidlərimizə bizə yaşatdıqları tarixi Zəfərə görə daim minnətdarıq! Qarşıdan gələn Zəfər Günümüz mübarək olsun!”
Qeyd edək ki, 2025-ci il ərzində filmin çəkilişləri Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılıb.
Filmdə İbrahim Çingiz, Özge Gürel, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Türkay Cəfərli, Mahir Dərviş kimi aktyorlar çəkiliblər.
Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə çəkilib.




















