Gənc rejissor Ələmdar Faiq oktyabrın 24-dən noyabrın 2-dək Çexiyanın Jihlava şəhərində keçirilən 28-ci Jihlava Beynəlxalq Sənədli Filmlər Festivalının “Jihlava yeni baxış və forum” (Jihlava New Vision and Forum) bölməsində iştirak edib. O, festivalda “Ümid bizi aparacaq” adlı film layihəsi ilə təmsil olunub.
“Chinarfilm” studiyasının istehsalı olan layihə Şabranın Qazbabalı kəndində uzun illərdir həllini tapmayan şirin su problemi barədə material hazırlamaq üçün kəndə gələn jurnalist Coşqun Eldaroğlunun burada təhsili yarımçıq qalan uşaqlara dərs deməsindən bəhs edir. Filmin təsvir rejissoru Tofiq Əliyev, prodüserləri Sərxan Cəfərli və Türkan Hüseyn, koprodüserisə Ineke Smitsdir.
“Jihlava yeni baxış və forum” bölməsi sənədli kinoda yeni baxış bucağı gətirən layihələrin inkişafına dəstək olur, onları beynəlxalq kino sənayesinə təqdim edir və potensial prodüserlər, satış agentləri ilə əməkdaşlıq üçün imkanlar yaradır.
Ələmdar Faiqin festivalda iştirakı “Kinosəyyah” proqramı çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən maliyyələşdirilib, prodüser Sərxan Cəfərlinin səfər xərclərini isə ARKA – Azərbaycan Respublikası Kino Agentliyi qarşılayıb.
Həm prodüser, həm də rejissor Kinoinfo saytının suallarını cavablandırıb.
– Ji.hlava Beynəlxalq Sənədli Film Festivalının pitçinq və market mərhələsində iştirak sizə hansı təcrübələri qazandırdı?
Sərxan: Bundan əvvəl yalnız kiçik auditoriyalarda pitçinq etmişdim və film marketində heç vaxt iştirak etməmişdim. Ji.hlava-da isə hər iki təcrübəni yaşadım. Rəsmi pitçinqdən əvvəl məşq sessiyası keçirildi və beynəlxalq ekspertlərdən dəyərli geridönüşlər aldıq. Bu, təqdimat bacarıqlarımı xeyli təkmilləşdirdi. Market mərhələsində isə dörd gün ərzində prodüserlər, televiziya nümayəndələri və festival proqramçıları ilə fərdi görüşlər keçirdik. Bu, mənim üçün tamamilə yeni bir təcrübə idi və hər görüş layihəmizə fərqli baxış bucağı gətirdi. Ümumilikdə, filmimizin inkişafı üçün çox dəyərli bir mərhələ oldu.
Ələmdar: Ji.hlava industry-də iştirak bizim üçün həm yeni təcrübə, həm də layihəmizi yenidən nəzərdən keçirmək üçün bir imkan idi. Eyni zamanda dünya kinosunda baş verən yenilikləri və sənaye sahəsindəki inkişafı yaxından müşahidə etdik. Həmçinin ideyanın necə inkişaf etdirilməsi, pitçinq prosesinin necə keçirilməsi kimi vacib məsələləri birbaşa təcrübə etmək imkanımız oldu.
– Pitçinq prosesində xarici prodüserlərin və ekspertlərin sizə verdiyi əsas geridönüşlər nədən ibarət idi?
Sərxan: Əsasən ideyamızın orijinallığı və emosional qatının dərinliyi vurğulandı. Ekspertlər hekayənin çoxsaylı maraqlı elementləri arasından bir neçəsinə diqqətimizi yönəltməyi tövsiyə etdilər. Bu, hekayəni daha aydın istiqamətə yönləndirmək və əsas emosional xəttimizi gücləndirmək üçün yeni ideyalar verdi.
Ələmdar: Bizim hekayəmiz çoxşaxəli idi və müxtəlif personajlar arasında bölünürdü. Ekspertlər isə əsasən konkret bir məsələyə fokuslanmağı və ideyanı həmin istiqamətdə inkişaf etdirməyi tövsiyə etdilər.
– Bu geridönüşlər filminizin gələcək inkişaf mərhələsinə necə təsir göstərəcək?
Sərxan: Bu təkliflərdən sonra artıq hekayəmizin strukturunu və istiqamətini yenidən nəzərdən keçirməyə başladıq. Komanda daxilində yeni ideyalar yarandı və müzakirələr zamanı filmin emosional tonunu və əsas konfliktini daha aydın formalaşdırmaq üzərində işləyirik.
Ələmdar: Bu geridönüşlər bizim üçün çox faydalı oldu. Xaricdən gələn şərhlərin ideyanın inkişafına ciddi təsir göstərdiyini deyə bilərəm. Bu, həm tritmenti, həm də sinopsisi inkişaf etdirməyimizə kömək etdi.
– Festival çərçivəsində xarici həmkarlarınızla netvorkinq qurmaq imkanı necə idi? Yeni əməkdaşlıq perspektivləri yarandımı?
Sərxan: Festivalın atmosferi çox rahat idi, bu da ünsiyyət qurmaq və yeni insanlarla tanış olmağı asanlaşdırdı. Dünyanın müxtəlif ölkələrindən – Yaponiyadan tutmuş ABŞ-a qədər – bir çox peşəkarlarla tanış olduq. Layihəmiz bir neçə prodüserin marağına səbəb oldu və onlar həm koproduksiya, həm də gələcək əməkdaşlıq barədə fikirlərini bölüşdülər. Bu əlaqələr filmin növbəti mərhələləri üçün çox dəyərlidir.
Ələmdar: Bu cür “industry” tədbirlərinin ən vacib hissələrindən biri “matchmaking” görüşləridir. Bu görüşlərdə həm biz, həm də qarşı tərəf potensial əməkdaşları seçə bilir. Beləliklə, əməkdaşlıq etmək istədiyimiz prodüser, distributor və satış agenti ilə birbaşa təmas qurmaq, ideyamızı bölüşmək və fikirlərini almaq imkanımız oldu. Qeyd edə bilərəm ki, Azərbaycan kinosu xarici prodüserlər üçün maraqlıdır. Bunun əsas səbəbi, hələ də bizim kinomuzla yaxından tanışlıq imkanlarının az olmasıdır. Onlar üçün yeni hekayələri kəşf etmək və bizimlə işləmək maraqlı bir təcrübədir.
Bizə ən çox verilən suallardan biri ölkə daxilindəki kino sənayesinin vəziyyəti idi. Bu da anlaşılandır, çünki kino bahalı bir sənət növüdür və xarici prodüserlər əməkdaşlıqdan əvvəl ölkədəki sənaye mühitini öyrənməyə çalışırlar. Məncə, bu sahənin inkişafı təkcə rejissor və prodüserlərin üzərində olmamalıdır — ARKA da daha çox dəstək göstərməlidir.
– Film layihənizi təqdim etdikdən sonra beynəlxalq auditoriyada hansı reaksiyaları müşahidə etdiniz? Sizcə, layihə xarici həmkarlarınızda hansı təəssürat oyatdı?
Sərxan: Auditoriyada layihəmizə qarşı səmimi maraq hiss olunurdu. Bir çox iştirakçılar üçün Azərbaycan hələ də az tanınan bir ölkədir və filmimiz vasitəsilə oradakı sosial və emosional reallıqlara yeni baxış qazandılar. Suallar çox idi, bu da mövzunun maraq doğurduğunu və dialoqa yol açdığını göstərirdi.
Ələmdar: Pitçinq mərhələsi bitdikdən sonra bir çox tamaşaçı bizə yaxınlaşıb fikirlərini bildirdi. Bəziləri layihəni bəyəndiklərini, bəziləri isə öz təəssüratlarını və təkliflərini paylaşdılar. Müsbət rəylər və təbriklər bizi sevindirdi. Qeyd etdiyim kimi, xarici həmkarların Azərbaycan kinosuna marağı hiss olunurdu. Xüsusən də pitçinqdən sonra müzakirə üçün yaxınlaşanlar çox idi. Ümumilikdə, filmimizin yaxşı qarşılandığını deyə bilərəm.
– “Matchmaking” görüşlərində sizin üçün ən vacib məqamlar hansılar idi və gələcək əməkdaşlıqlar üçün hansı istiqamətləri dəyərləndirirsiniz?
Sərxan: Mənim üçün ən vacib məqam qarşı tərəflə uzunmüddətli əməkdaşlıq potensialını hiss etmək idi. Təkcə bu layihə üçün deyil, gələcək filmlər üçün də uyğun ola biləcək prodüserlərlə tanış olmaq önəmli idi. Çünki kino sənayesi düşündüyümüz qədər böyük deyil və doğru əlaqələr gələcəkdə çox şeyi dəyişə bilər. Ji.hlava bu baxımdan mənim üçün əvəzsiz təcrübə oldu.
Ələmdar: “Matchmaking” görüşlərində bizim üçün əsas məqsəd potensial koprodüserlər tapmaq və filmin maliyyələşməsi üçün əməkdaşlıq etmək idi. Bir çox xarici prodüserlə əlaqə məlumatlarımızı bölüşdük və yaxın vaxtlarda onlarla yenidən əlaqə saxlayıb gələcək əməkdaşlıqları müzakirə etməyi planlaşdırırıq. İnanıram ki, Jihlavada iştirak bizim üçün çox faydalı olacaq.
Aynur Kazımova





