Əsas ARKA-DAFARUK GÜVEN: “QISA FİLMLƏR BƏZƏN UZUN METRAJI BELƏ GERİDƏ QOYUR”

FARUK GÜVEN: “QISA FİLMLƏR BƏZƏN UZUN METRAJI BELƏ GERİDƏ QOYUR”

by editor

Bu il Baku International Film Festival çərçivəsində beynəlxalq münsiflər heyətinin üzvü kimi iştirak edən “TRT Sinema”nın müdiri Faruk Güvən kinoinfo.az-a danışdı. O, seçim meyarlarından, münsiflər masasında gedən müzakirələrdən və region kinosunun gələcəyinə dair mülahizələrdən bəhs etdi.

– Bu ilki filmləri qiymətləndirərkən sizi ən çox cəlb edən nə oldu? Sizin üçün hansı xüsusiyyət daha önəmlidir: estetik dil, sosial mövzu, yoxsa rejissorun risk alması?

– Əslində artıq buraya seçilmək özü böyük uğurdur. Başqa bir jüri olsaydı, bəlkə də fərqli filmlər seçilərdi. Yəni seçim hər zaman subyektivdir. Amma axtardığımız bəzi əsas məqamlar var: filmin özünəməxsus dili, universallığı və rejissorun öz üslubunu yaratması.

Oxşar hekayələr ola bilər, amma onları necə işlədiyin önə çıxarır. Hekayənin özü də, onun sinematografik təqdimatı da böyük rol oynayır. Bir tamaşaçı kimi ‘Bu filmi axıra qədər izləyərəm, maraqla baxaram və məmnun qalaram’ deyə bilirsinizsə, o film irəli keçir.

Bu ilki filmlərin hər biri dəyərli idi. Güclü filmografiyaya sahib rejissorlar da vardı. Qazanmayana gəldikdə — bu festivalda olmasa, başqasında mükafat alacaq. Hamısını təbrik edirəm.”

– Jüri masasında fikir ayrılığı yarananda hansı arqumentlər sizi daha tez inandırır? Bir filmin mükafata layiq” olduğunu sizin üçün nə təsdiqləyir?

– Ümumilikdə fikirlər çox fərqli deyildi. Bəzən mənim gördüyümü onlar görməyə bilir və ya əksinə. Hər kəs inandığı filmi müdafiə edir, arqumentlərini gətirir. Amma sonda ortaq qərara gəlirik. “Qətiyyən olmaz”  dediyimiz heç bir film olmadı; çünki filmlərin səviyyəsi bir-birinə çox yaxın idi.

– Festivala gələn filmlər estetik və ya mövzu baxmından ümidvericidir?

– Çox ümidverici işlər gördük. Həm hekayə olaraq, həm də sinematoqrafi baxımından çox yaxşı işlənmiş filmlər vardı. İnsan mərkəzli hekayələri rahatlıqla izləyə bildik. Gələcək illər üçün də yaxşı bir dinamikanın yaranacağını düşünürəm.

Hətta bəzən qısa filmlərin uzun metrajlardan daha yaxşı bir dövrə girdiyini deyə bilərəm. Qısa filmlərin önümüzdəki illərdə daha güclü inkişaf edəcəyinə inanıram. Ümumilikdə təqdim olunan bütün işlər orta səviyyədən xeyli yüksək idi.”

Aynur Kazımova

Əlaqədar Yazılar