Əsas EKRANDAQORXU, GÜLÜŞ VƏ ÇAĞIRILMAMIŞ QONAQ “RUH ATASI” KiNOTEATRLARDA

QORXU, GÜLÜŞ VƏ ÇAĞIRILMAMIŞ QONAQ “RUH ATASI” KiNOTEATRLARDA

by editor

Rejissor İlham Yaşaroğlu tərəfindən çəkilən “Ruh atası” adlı yeni komediya filmi 12 mart tarixindən etibarən ölkənin bütün kinoteatrlarında nümayiş olunur. 2026-cı ildə 3İ Cinema tərəfindən istehsal edilən tammetrajlı bədii filmin müddəti 75 dəqiqədir və 12+ yaş kateqoriyası üçün nəzərdə tutulub.

Filmin süjeti istirahət mərkəzində mühafizəçi işləyən Nəsirin ətrafında qurulub. Mərkəzin bağlı olmasından istifadə edən Nəsir varlı bacanağına özünü daha imkanlı göstərmək üçün onları istirahət mərkəzinə dəvət edir. Lakin dəvət olunan qonaqlarla yanaşı, çağırılmamış bir qonaq da məkana gəlir. Hadisələrin gedişində bacıların “Ruh atası” ilə qohumlar arasında qorxu və gülüş dolu qarşıdurma başlayır.

Filmin ssenarisi Tərlan Nur Yaşar, Elnur Hüseyinov, Elvin Paşa və Ramin Hacıyev tərəfindən yazılıb. Operator işi Emin Hüseynova, rəssam işi isə Vüsal Hüseynova məxsusdur. Filmin prodüseri Məcid Hüseynovdur. Layihənin set şefi Amil Alidir. Texniki dəstək ALIOGLU MEDIA GROUP tərəfindən təmin olunub.

Filmdə əsas rolları Məcid Hüseynov, Tərlan Nur Yaşar, Nuranə Həmidova, Səadət Abbasova, Elnur Hüseynov, Mələk Hacıyeva, Aqil M. Quliyev, Ceyhun Məmmədov və Rəsmiyyə Nur canlandırırlar.

Filmin baş prodüseri Məcid Hüseynov premyera zamanı Kinoinfo.az saytının suallarını cavablandırıb.

“Ruh atası” filmini də “Hozu” filmi kimi franşizaya çevirmək fikriniz varmı?

– Bu, filmin gedişatından asılıdır. Əgər film baxılarsa və tamaşaçılar tərəfindən sevilərsə, sözsüz ki, davamını çəkmək fikrimiz var.

– Tamaşaçı gözləntiniz nə qədərdir?

“Hozu” filmləri olanda müəyyən rəqəmlər demək mümkün idi. Amma bu film ilk olduğu üçün dəqiq proqnoz vermək çətindir. Əgər ikinci hissə çəkilsə, artıq təxmini rəqəmlər demək mümkün olacaq.

– Siz filmlərdə həm aktyor, həm prodüser kimi çalışırsınız, bəzən ssenarinin yazılmasında da iştirak edirsiniz. Rejissor kimi film çəkmək niyyətiniz varmı?

– Əslində bir dəfə film çəkmişəm. Ola bilər ki, gələcəkdə yenə nəsə çəkim, amma hazırda belə bir planım yoxdur.

Aynur Kazımova

Əlaqədar Yazılar