Macəra janrında çəkilmiş “Akinak” filmi 2026-cı ilin may ayından etibarən ölkə kinoteatrlarında nümayiş olunacaq. Film tarixi və mifoloji elementlərdən ilhamlanan hekayə üzərində qurulub. Bir neçə yeniyetmə qəhrəman qədim və simvolik əhəmiyyət daşıyan Akinak qılıncını əldə etmək üçün çətin və təhlükəli yoldan keçir. Bu macəra zamanı qəhrəmanlar müxtəlif sınaqlarla üzləşir, dostluğun, sədaqətin və cəsarətin əsl mənasını anlayırlar. Filmdə həm macəra, həm də vətənpərvərlik motivləri xüsusi yer tutur.
Layihə “Narimanfilm” tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə istehsal olunub. Film uzun fasilədən sonra çəkilən tammetrajlı uşaq macəra filmlərindən biri kimi qiymətləndirilir.
Filmin quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, ikinci rejissoru isə Anar Almazovdur. Ssenari müəllifləri İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoydur. Həmçinin yaradıcı heyətdə quruluşçu rəssamlar Əziz Məmmədov və Valeh Davudov, geyim üzrə rəssam Nicat Məmmədov, qrim üzrə rəssam Marina Martinçik, səs rejissoru Tariyel Həsənzadə, montaj üzrə Qurban Abiyev, vizual effektlər üzrə İqrar Əşrəfzadə çalışıb. Filmin icraçı prodüseri Aydın Hacıyev, prodüseri isə Nəriman Məmmədovdur.
“Akinak” filmi macəra süjeti, gənc qəhrəmanların hekayəsi və vizual həlli ilə tamaşaçılara yeni kino təcrübəsi təqdim etməyi hədəfləyir. Film ailəvi auditoriya üçün nəzərdə tutulub və gənc tamaşaçılar arasında milli tarix və qəhrəmanlıq mövzularına marağı artırmağı məqsədi daşıyır.