Rejissoru və prodüseri Rafiq Hacıyev, ssenari müəllifləri Rafiq Hacıyev və Kənan Yusifov olan film bu il “Kyrgyzstan – Land of Short Films” festivalı çərçivəsində nümayiş olunacaq. Filmin istehsalçısı “ROG VFX Studio” MMC-dir.
Film 15 il əvvəl qızını itirmiş çoban Akifin hekayəsindən bəhs edir. O, qızının yadplanetlilər tərəfindən qaçırıldığına inanır və illərlə astronomiya və fizika ilə məşğul olaraq səmaya siqnallar göndərir. Ümidini itirdiyi anda isə həyatını dəyişəcək gözlənilməz hadisə baş verir.
21-25 aprel tarixlərində Qırğızıstanda keçiriləcək bu festival MDB ölkələrindən qısametrajlı filmləri bir araya gətirərək gənc rejissorlar və müəllif işləri üçün beynəlxalq platforma rolunu oynayır.
“Oriondan Sevgilərlə” filminin bu festivalda iştirakı Azərbaycan kinosunun beynəlxalq arenada təqdimatı baxımından mühüm addımdır.












