Litva kinosu digər Baltikyanı dövlətlərlə ortaq taleyi yaşasa da, əksər tənqidçilər bu dövlətin kino ənənələrini Latviya və Estoniya ilə müqayisə edərkən bir əsas fərqi vurğulayırlar: keçən illər ərzində kino dili baxımından ən yetkin və formal cəhətdən oturuşmuş filmləri Litva istehsal etmişdir. Bu fikrin əsasını öyrənmək üçün Litva kinosunun tarixinə qısa nəzər yetirmək lazımdır.
Litva kinosunun qısa tarixi
Litvada kino sənətinin başlanğıcı 1909-cu ilə təsadüf edir. Həmin il ABŞ-da yaşayan litvalı Antanas Račiūnas öz doğma kəndinin görüntülərini lentə alaraq Litvadan kənarda yaşayan həmvətənlərinə nümayiş etdirib. Elə həmin il Vladislavas Starevičius “Prie Nemuno” (Neman çayı sahilində) adlı film çəkib. Bunlar Litvada kino sənətinin ilk nümunələri sayılır. Bununla belə, milli kinonun sistemli şəkildə formalaşması çox ləng gedirdi. 1921-ci ildə ilk Litva kinoxronikası nümayiş olundu, amma ilk bədii filmin istehsalı üçün hələ on il gözləmək lazım gəldi. 1931-ci ildə Jurgis Linartas və Vladas Stipaitis tərəfindən çəkilmiş “Onytė ir Jonelis” (Anya və Coni) Litvanın ilk tammetrajlı bədii filmi kimi tarixə düşdü. Bu dövr boyunca film sahəsi əsasən şəxsi təşəbbüslərlə və aşağı texniki imkanlarla inkişaf edirdi.
1940-cı ildə Litva Sovet İttifaqının tərkibinə daxil olduqdan sonra kino sənayesi dövlətin nəzarətinə keçdi. 1940-cı illərdə kino istehsalı sənədli filmlər və kinoxronikalara fokuslanmışdı. 1949-cu ildə Vilnüsə köçürülən Kinoxronika studiyası 1956-cı ildən etibarən “Litva Film Studiyası” (Lietuvos kino studija) adını aldı və müstəqil bir kinostudiya kimi fəaliyyət göstərməyə başladı. Bu studiyada illik olaraq təxminən 3–4 bədii film istehsal olunurdu. Eyni zamanda, hər il onlarla sənədli film və kinojurnal hazırlanırdı. Litva sənədli kino sahəsində xüsusilə seçilirdi və bəzi rejissorların — o cümlədən Robertas Verba, Henrikas Šablevičius və Petras Abukevičiusun — əsərləri beynəlxalq festivallarda da nümayiş olunurdu.
1960-1970-ci illərdə Litva kinosunda yeni bir nəslin formalaşdığı müşahidə olunur. Vytautas Žalakevičius 1956-cı ildə “Skenduolis” (Boğulan) filmi ilə həm rejissor, həm də ssenarist kimi fəaliyyət göstərən yaradıcılar üçün nümunə oldu. Ardınca gələn nəsil — Almantas Grikevičius, Marijonas Giedrys, Raimundas Vabalas və Arūnas Žebriūnas kimi rejissorlar — həm milli kimliyi, həm də estetik normaları qoruyaraq Litva kinosunu daha “art-house” dili ilə ifadə etməyə başladılar. Bu dövrün filmlərində tez-tez alleqoriyaya və metaforalara yer verilirdi, çünki Sovet senzurasından yayınmağın yeganə yolu bu idi. Keçmişdə baş verən hadisələri ekranlaşdırmaqla əslində müasir dövrə dair sosial və siyasi mesajlar çatdırılırdı.
1987-ci ildə rejissor Šarūnas Bartas Litvada ilk müstəqil film studiyası olan “Studio Kinema”nı qurdu. Bu, ölkədə dövlət nəzarətindən kənar ilk yaradıcı platforma idi. Bartas həm öz filmlərini burada istehsal edir, həm də Andrius Stonys, Valdas Navasaitis, Artūras Jevdokimovas və Tomas Donela kimi yeni rejissorlara imkan yaradırdı. Onun yaradıcılığı təkcə Litvada deyil, beynəlxalq kino ictimaiyyətində də yüksək dəyərləndirilir və bənzərsiz üslubu ilə fərqlənir.
1990-cı ildə Litva müstəqilliyini bərpa etdikdən sonra film sahəsində dövlət maliyyələşməsi demək olar ki, dayandı. Keçid dövründə kino istehsalı kəskin şəkildə azaldı: illik ortalama cəmi 2 bədii film və 10-a yaxın sənədli film çəkilirdi. Bazar iqtisadiyyatına keçid, yerli filmlərin istehsalına mənfi təsir göstərdi, çünki Litva kinosu kütləvi auditoriyaya deyil, daha çox sənət yönümlü auditoriyaya xitab edirdi. ABŞ filmlərinin bazarı tam ələ alması isə yerli istehsalın populyarlaşmasını daha da çətinləşdirdi.
Bununla belə, Litva kinosu özünün estetik üslubundan və ənənələrindən dönmədi. Beynəlxalq festivallarda nümayiş olunan litvalı rejissorların filmləri ölkə kinosunun öz yolunu tapdığını göstərir. Son illərdə Avropa Birliyindən gələn maliyyə vəsaitləri və koproduksiya imkanları nəticəsində film istehsalı bir qədər canlandı. Litva, xüsusilə sənədli kino sahəsində yenidən diqqət çəkməyə başladı.
Beləliklə, Litva kino tarixi təkcə texniki inkişaf və istehsal statistikası deyil, həm də milli kimliyin, estetik axtarışların və siyasi təzyiqlərdən doğan metaforik dilin tarixidir. Bu kino ənənəsi günümüzdə də az büdcə və dar auditoriya ilə olsa belə, öz bədii dəyərini qorumağa davam edir.
Müasir Litva kinosu
2000-ci illərdən etibarən Litva kinosu yeni inkişaf mərhələsinə qədəm qoydu. Avropa İttifaqına üzvlük (2004) bu prosesə təkan verdi. Litva rejissorları Avropa kino fondlarından daha geniş şəkildə istifadə etməyə, beynəlxalq əməkdaşlıqlara qoşulmağa başladılar. Film istehsalında texniki imkanlar və keyfiyyət yüksəldi, lakin tiraj və kommersiya baxımından hələ də məhdud auditoriyaya xitab edilirdi.
Bununla belə, 1990-cı illərdə yaranmış estetik və eksperimental ənənə davam etdirildi. Šarūnas Bartas öz poetik stilini qoruyaraq yeni filmlər çəkdi. Məsələn, “Eurazijos aborigenas” (Avrasiya aborigeni) və “Septyni nematomi žmonės” (Yeddi görünməyən adam) onun bu dövrdəki işlərindəndir. Bartas həmçinin “Peace to Us in Our Dreams” (Yuxularda bizə dinclik olsun) filmində fərdi tənhalığı və ailədaxili əlaqələrin gərginliyini ələ aldı.
Digər tərəfdən, yeni nəsil rejissorlar sosial mövzulara daha açıq şəkildə toxunan, daha realist üslublu filmlərlə çıxış etdilər. Kristijonas Vildžiūnasın 2006-cı ildə çəkdiyi “Aš esi tu” (Mən sənsən) filmi gənclik, kimlik və ailə mövzularını tənqidçi baxışla təqdim edirdi. Giedrė Beinoriūtė kimi sənədli və bədii janr arasında keçid edən rejissorlar isə emosional dərinlik və insan psixologiyasına diqqət yönəldiblər.
Litva sənədli kinosu da bu dövrdə yüksəlişə keçdi. Audrius Stonys öz poetik sənədli filmlərini davam etdirdi: “Uku Ukai” və “Raminas” kimi işlər insan ruhuna və gündəlik həyata bədii baxışla yanaşan filmlər idi.
2010-cu illərdən etibarən Litva kinosu daha çox beynəlxalq mükafatlar qazandı. Rejissor Marija Kavtaradzėnin “Išgyventi vasarą” (Yayda sağ qalmaq) və “Tu man nieko neprimeni” (Sən mənə heç nə xatırlatmırsan) filmləri gənclik, ruhi pozuntular və dostluq mövzularını incəliklə işləyirdi. Kavtaradzė yeni nəsil litvalı qadın rejissorların öncüllərindən biri kimi tanınır.
Beynəlxalq əməkdaşlıq proqramları sayəsində Litva bir çox Avropa ölkələri ilə birlikdə film layihələri həyata keçirir. Məsələn, “Nova Lituania” (Yeni Litva) tarixi və siyasi simvollarla zəngin film olaraq Litva kinosunun keçmişə ironik baxışı ilə geniş auditoriyanın marağını cəlb edib. Karolis Kaupinis tərəfindən çəkilən bu film həm yerli, həm də beynəlxalq festivallarda uğur qazanıb.
2020-ci illərdə Litva film sənayesi həm sənədli, həm də bədii sahədə rəqəmsal texnologiyalara və vizual estetikaya daha çox üstünlük verir. Gənc rejissorlar cəmiyyətin travmaları, tarixi yaddaş və gündəlik həyatla bağlı mövzulara fokuslanır. Dövlət dəstəyi hələ də əsas maliyyə mənbələrindən biridir, amma Avropa film fondları və beynəlxalq platformalar da Litva kinematoqrafiyasının inkişafında böyük rol oynayır.
Litva kinosunun maliyyə mənbələri
Litva kinosunun maliyyələşməsi əsasən dövlət dəstəyi, beynəlxalq əməkdaşlıq imkanları və vergi təşviqləri üzərində qurulub. Kino sahəsində əsas maliyyə tənzimləyici orqan olan Litva Kino Mərkəzi 2012-ci ildə yaradılıb və bu qurum filmlərin istehsalı, yayımı, həmçinin festivallarda iştirakı istiqamətində maliyyə vəsaitlərini idarə edir. Bu mərkəz hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına onlarla layihəyə dəstək verir. Son illərdə bu vəsaitin həcmi orta hesabla 10-12 milyon avro civarında olub. Bu vəsait bədii, sənədli və animasiya filmlərinə, eyni zamanda ssenari yazımı və inkişaf mərhələsində olan layihələrə ayrılır.
Bundan əlavə, Litva 2014-cü ildən etibarən vergi güzəştləri mexanizmini tətbiq etməyə başlayıb. Bu sistemə əsasən, Litvada çəkiliş aparan yerli və xarici film istehsalçıları çəkiliş xərclərinin 30 faizinə qədərini geri ala bilirlər. Bu təşviq sistemi Litvanı regional kino istehsal mərkəzinə çevirmək məqsədi daşıyır və ölkəyə xarici sərmayələrin cəlb olunmasında mühüm rol oynayır. Nəticədə, son illərdə bir çox əcnəbi prodüser Litvanı çəkiliş məkanı kimi seçib. Bu, həm də yerli mütəxəssislərin məşğulluğuna və texniki bazanın inkişafına təkan verib.
Litva həmçinin Avropa Kino Dəstəyi Fondu olan Eurimages-in üzvüdür. Bu qurumun yardımı ilə Litva rejissorları və prodüserləri bir sıra beynəlxalq əməkdaşlıq layihələrində iştirak ediblər. Avropa İttifaqının “Creative Europe – MEDIA” proqramı da Litva film sənayesi üçün mühüm maliyyə mənbəyi sayılır. Bu proqram vasitəsilə Litva şirkətləri film yayımı, təlim proqramları və inkişaf mərhələsindəki layihələr üçün dəstək ala bilirlər.
Bütün bu mexanizmlərə baxmayaraq, Litvada kommersiya baxımından uğurlu film istehsalı hələ də məhdud səviyyədədir. Yerli auditoriya əsasən Hollivud və digər Avropa istehsalı filmlərə üstünlük verir. Bununla belə, dövlətin sabit dəstəyi və beynəlxalq platformalara çıxış imkanları Litva kinosunun sənət baxımından keyfiyyətli istehsalını davam etdirməsinə şərait yaradır.
Litvada kino bazarı
Litvada kino bazarı kiçik, lakin sabit inkişaf dinamikasına malikdir. Ölkədə təxminən 70-ə yaxın kinoteatr fəaliyyət göstərir. Bu məkanlar əsasən Vilnüs, Kaunas və Klaypeda kimi iri şəhərlərdə cəmlənib. Litva, əhalisinin sayına nisbətən kinoteatr ziyarətləri mütənasib səviyyədədir. Məsələn, 2019-cu ildə – pandemiya öncəsi dövrdə – Litvada kinoteatrlara 4,1 milyon ziyarətçi gedib və ümumi kassa gəliri 22,5 milyon avro təşkil edib. Bu göstəricilər 2,8 milyon əhalisi olan bir ölkə üçün yetərincə yüksək sayılır. Bu dövrdə adambaşına düşən bilet sayı orta hesabla 1,4 olub.
COVID-19 pandemiyası dövründə bu rəqəmlərdə ciddi azalma müşahidə olunsa da, son illərdə vəziyyət tədricən sabitləşib. 2022-ci və 2023-cü illərdə kinoteatrlara maraq tədricən bərpa olunmağa başlayıb. Dövlət və özəl sektor tərəfindən kinoteatrlara texnoloji modernləşmə üçün dəstək göstərilib, bu da ziyarətçi sayının artımına təsir göstərib.
Litva kino bazarında əsas pay hələ də xarici, xüsusən də ABŞ istehsalı filmlərə məxsusdur. Lakin dövlətin dəstəyi sayəsində yerli filmlər də ildən-ilə daha çox tamaşaçı toplayır. Məsələn, bəzi yerli komediya və ailə filmləri milli bayramlar və tətil günlərində yüksək gəlir gətirir. 2023-cü ilin statistikalarına görə, yerli filmlər kinoteatr gəlirlərinin təqribən 20 faizini təşkil edib ki, bu da regional miqyasda yaxşı göstərici sayılır.
Son dövrlərdə Litva kinosu aşağıdakı nümunələrlə məşhurlaşıb:
Sangailės vasara (Sangailėsin yay mövsümü), 2015
Rejissor: Alantė Kavaitė
Uğuru: Sundance Film Festivalında təqdim olunub, LGBTQ+ tematikası ilə beynəlxalq aləmdə tanınıb.
Šventasis (Müqəddəs), 2016
Rejissor: Andrius Blaževičius
Uğuru: Beynəlxalq festivallarda iştirak edib, müasir Litva cəmiyyətini əks etdirir.
Didysis nepažįstamasis: Kitas pasaulis (Möhtəşəm Qalib Olmayanlar: Başqa Dünya), 2017
Rejissor: Arunas Matelis
Uğuru: Sənədli film festivallarında bir çox mükafat qazanıb.
Šuolis (Tullanış), 2020
Rejissor: Giedrė Žickytė
Uğuru: Beynəlxalq festivallarda mükafatlar, ən yaxşı sənədli film kateqoriyasında nominasiyalar.
Puikus susitikimas (Mükəmməl görüş), 2020
Rejissor: Robertas Razma
Uğuru: Litvada ən çox bilet satışı ilə yerli kino uğuru, 874,111 avro gəlir əldə edib.
Įpėdinė (Əcnəbi Gəlin), 2020
Rejissor: Simonas Aškelavičius
Uğuru: Kino kassasında 698,797 avro gəlir
Nuodėmės užkalbėjimas (Günahın sehri), 2024
Rejissor: Saulé Bliuvaité
Uğuru: Locarno Film Festivalında “Qızıl Leopar” mükafatını qazanıb.
Qeyd: Araşdırma Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə aparılıb.
Seymur Elyazlı


















