Ssenarist və rejissor Nurlan Həsənlinin hazırda inkişaf mərhələsində olan “Yaşıl çəmən” qısa film layihəsi Avstriyada keçirilən nüfuzlu “Linz Film Talent Academy” pitçinq müsabiqəsinin qalibi olaraq Kann Film Festivalının marketində uğurla təqdim olunub. Qeyd edək ki, gənc rejissorun Kann Film Festivalında iştirakı Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən dəstəklənib.
Güclü bədii baxışa malik qısa və debüt tammetrajlı layihələrin inkişafına yönəlmiş “Linz Film Talent Academy” intensiv ustad dərsləri, mentorluq və pitçinq müsabiqəsini əhatə edir. Bu proqramın qalibi olan “Yaşıl çəmən” layihəsi Kann Film Festivalında xüsusi rezidensiya imkanı əldə edib.
Proqramın yekununda layihə “Cannes Short Film Corner / Marché du Film” çərçivəsində təşkil olunan xüsusi pitçinq sessiyasında beynəlxalq prodüser, distributor və festival nümayəndələrinin diqqətinə çatdırılıb.
“Yaşıl çəmən” filmi Amerikaya miqrasiya etməyə çalışan bakılı turist bələdçisinin həyat yoldaşı ilə qurduğu trajikomik plandan bəhs edir.
Bununla yanaşı, Nurlan Həsənlinin ARKA-nın dəstəyi ilə ərsəyə gəlmiş “Erkən Hisslər” adlı qısa filmi də bu il “Cannes Short Film Corner” market kataloquna daxil edilib.