Əsas ARKA-DAUNESCO İRSİNDƏN BÖYÜK EKRANA: “KÖÇƏRİ” BEYNƏLXALQ FORUMDA

UNESCO İRSİNDƏN BÖYÜK EKRANA: “KÖÇƏRİ” BEYNƏLXALQ FORUMDA

by editor

Rejissor Nurlan Həsənlinin “Köçəri” (“The Shepherd’s Son”) tammetrajlı bədii-sənədli film layihəsi 30-cu Baltic Sea Docs beynəlxalq ko-produksiya pitçinq forumunun seçilmiş layihələri sırasına daxil olub. Forum 2026-cı ildə Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək.

Filmdə hadisələr 13 yaşlı Əlinin taleyi üzərindən təqdim olunur. Ənənəvi köçəri çobanlıq həyatının tədricən yoxa çıxdığı bir dövrdə atasının onun üçün arzuladığı fərqli gələcəyə baxmayaraq, Əli məktəbdən ayrılaraq ailəsinin nəsillərdir davam etdirdiyi köçəri həyatına qoşulur. Ata və oğul Böyük Qafqaz dağlarına doğru mövsümi köç zamanı həm sərt təbiət şəraiti, həm də iqlim dəyişikliyi və sosial-iqtisadi dəyişikliklərin yaratdığı çətinliklərlə qarşılaşırlar.

“Köçəri” yalnız bir ailənin həyat hekayəsini deyil, həm də özünəməxsus dili və mədəniyyəti ilə seçilən Xınalıq icmasının yaşam tərzini ekrana gətirir.

Film UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilən “Köç yolu” ənənəsinin qorunması və gələcək taleyi məsələlərinə də toxunur.

Layihənin müəllifi də elə rejissorun özü, Nurlan Həsənlidir. Filmin prodüseri Emil Nəcəfov, kreativ prodüseri Türkan Hüseyn, təsvir rejissoru İman İmanov, ikinci operatoru Əli Rza, səs rejissoru Ramal Rüstəm, montaj rejissoru Asif İsgəndərli, icraçı prodüseri Ruhin Mirzəyev, xətt prodüseri isə Fariz Muradxanlıdır.

Baltic Sea Docs Baltik dənizi regionu, Şərqi Avropa və Qafqaz ölkələrindən olan yaradıcı sənədli film layihələrinə həsr edilmiş beynəlxalq pitçinq və koproduksiya platformasıdır. 1997-ci ildən keçirilən forum Baltik regionunda sənədli kino sahəsində ən nüfuzlu sənaye tədbirlərindən biri sayılır və Latviya Milli Film Mərkəzi tərəfindən təşkil olunur.

Forum çərçivəsində 6–9 sentyabr tarixlərində “Pitching Training Workshop” adlı hazırlıq proqramı baş tutacaq. Təlim zamanı rejissor və prodüserlər beynəlxalq təcrübəyə malik mentorlarla birlikdə layihələrinin təqdimatı, dramaturji quruluşu və montaj strategiyası üzərində işləyəcəklər.

Hazırda istehsal mərhələsində olan film Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə ərsəyə gəlir. Qeyd edək ki, Baltic Sea Docs hər il Şərqi və Mərkəzi Avropadan 150-dən çox kino mütəxəssisini bir araya gətirən və sənədli film layihələrinin maliyyələşməsi ilə beynəlxalq yayım imkanlarının genişləndirilməsinə yönəlmiş nüfuzlu forumlardan biridir.

Əlaqədar Yazılar