Əsas ARKA-DAAZƏRBAYCAN ANİMASİYASI ANNECY FESTİVALINDA!

AZƏRBAYCAN ANİMASİYASI ANNECY FESTİVALINDA!

by editor

Azərbaycan animasiyası 21-27 iyun, 2026-cı tarixlərində Ansi şəhərində (Fransa) keçirilən Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında və MIFA marketində təmsil olunur.

Tədbirdə Azərbaycan Animasiya Assosiasiyasının sədri, “ANİMAFİLM” şirkətinin direktoru Rəşid Ağamalıyev və Assosiasiyanın üzvləri Nəzrin Axundova, Mehriban Əliyeva və Emil Şiran iştirak edirlər. Animasiya peşəkarlarının səfəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə həyata keçirilir.

Xatırladaq ki, 2025-ci ildə keçirilən 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında Emil Şiran “Qraviton” filmi üçün “Ən yaxşı Azərbaycan animasiya filmi” kateqoriyası üzrə, Mehriban Əliyeva “Komble” layihəsi üçün ANİMAFİLM Pitçinq müsabiqəsi üzrə qalib olublar, Mədəniyyət Nazirliyinin və ARKA-nın Annecy-yə səfəri mükafatı qazanıblar.

Festivalda həmçinin Almaniyanın Filmakademie Baden-Württemberg Universitetində təhsil alan tələbə Elmira Əzizxanlı ABŞ-nin Design Universitetinin Rhode Island School-da təhsil alan tələbə Leyla Qasımova iştirak edir.

Bu il dünyanın ən böyük animasiya tədbiri olan Annecy Festivalında Azərbaycan bu layihələrlə təmsil olunur:

“İsi və Piti” animasiya serialı (rejissor Rəşid Ağamalıyev) – MİFA marketində və “CEE Animation” çərçivəsində təqdim olunacaq.

“Qraviton” animasiya filmi (rejissor Emil Şiran) – “Anime Conquering the World” müsabiqədənkənar proqramında iştirak edir.

“Oğlan və xurma ağacı” (rejissor Lina Akulaşvili) qısametrajl animasiya layihəsi– MİFA marketin Pitching bölməsinin “Black Sea Shorts” tədbirində təqdim olunacaq. Xatırladaq ki, bu layihə ARKA-nın 2026-cı il Post-prodakşn müsabiqəsinin qalibidir. İlk Gürcüstan-Azərbaycan birgə istehsalı olan animasiya layihəsinin prodüserləri Elene Tavadze (“Studio Fantasmagoriya”), Lina Akulaşvili, Rəşid Ağamalıyevdir (“PERİ FİLM” MMC).

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı MIFA marketində “European Animation Festival Meeting” (“Avropa Animasiya Festivalları görüşü”) tədbirində iştirak edəcək.

Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev European Animation Awards təşkilatının İdarə Heyətinin görüşündə iştirak edəcək.

Əlaqədar Yazılar