Xalq artisti, kinorejissor Vaqif Mustafayevin ssenari müəllifi və quruluşçu rejissoru olduğu “Molla Nəsrəddin: Çətin günlərimin dostu” (Nəsrəddin hoca) tammetrajlı bədii filminin çəkiliş prosesi Özbəkistanda davam etdirilir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin dəstəyi ilə istehsal olunan filmin çəkilişlərinin ümumilikdə 6 Türk dövlətində aparılması planlaşdırılıb. Özbəkistan bu genişmiqyaslı ekran əsərinin çəkilişlərinin həyata keçirildiyi 5-ci ölkədir. Layihənin bundan əvvəlki çəkiliş mərhələləri Azərbaycan, Türkiyə, Türkmənistan və Qırğızıstanda uğurla başa çatıb. Özbəkistandakı çəkilişlər yekunlaşdıqdan sonra yaradıcı heyət prosesi Qazaxıstanda davam etdirəcək.
Filmin prodüseri Zaur Darabzadə, quruluşçu operatoru Valdemar Şmidt, bəstəkarı Polad Bülbüloğludur.








