Rejissor Türkan Hüseynin “Xatırladığını eşit” (“Hear what you remember”) adlı yeni bədii film layihəsi beynəlxalq kino mühitində mühüm dəstək qazanan layihələr arasında yer alıb. Chinar Film istehsalı olan filmin prodüseri Emil Nəcəfov, ko-prodüserləri isə Kəmalə İsrafilova və Türkiyədən Parda Film şirkətinin prodüseri Fəxriyyə İsmayılovadır.
Azərbaycan və Türkiyə birgə istehsalı olan layihə Rotterdam Beynəlxalq Film Festivalının (IFFR) nəzdində fəaliyyət göstərən nüfuzlu “Hubert Bals Fund”un “2026 Development Support” proqramına seçilən 20 layihədən biri olub. Müəllif və müstəqil kino layihələrini dəstəkləyən fond filmin inkişaf mərhələsinə töhfə göstərəcək.
Qətl işi üzrə məhkəmədə həlledici şahid olan bir qadının yaddaşında basdırılmış hadisəni yenidən bərpa etmək cəhdindən bəhs edən “Xatırladığını eşit” filmi həqiqət, yaddaş və manipulyasiya mövzularını araşdırır. Layihə bundan əvvəl də Fransa İnstitutunun Fransanın Milli Kino və Animasiya Mərkəzi (CNC) ilə birgə həyata keçirdiyi Türkiyə və Qafqaz layihələri üzrə Kann pitçinq proqramına, həmçinin Torino Film Lab laboratoriyasına seçilərək inkişaf etdirilib.
Film layihəsi ilə bağlı rejissor Türkan Hüseyn Kinoinfo.az saytının suallarını cavablandırıb.
– “Xatırladığını eşit” filminin ideyası necə yarandı?
İdeya bir az gülməli səslənə bilər, amma həqiqətən belə olub. Şəhərin mərkəzində, Vidadi küçəsi tərəfdə gəzirdim. Qarşıda iki gənc oğlan alışqan üstündə mübahisə etməyə başladı. Çox absurd bir mənzərə idi. Mən bir neçə addım atdım və birdən bu film ideyası ağlıma gəldi. Məhz onların o kiçik çəkişməsi məndə tamamilə fərqli bir hekayənin yaranmasına səbəb oldu.
– Əvvəlki müsahibələrinizdən birində demişdiniz ki, hansısa ideya iki-üç həftə beyninizdə qalırsa, onu yazıya çevirirsiniz. Bu ideyada sizi bu qədər saxlayan nə oldu?
Əsas məsələ o idi ki, mən bu ideyanı unuda bilmədim. Sonra onun ətrafında yeni səhnələr, yeni obrazlar gözümün önünə gəlməyə başladı. Təxminən üç-dörd ay bu proses davam etdi. 2025-ci ildə Fransa İnstitutunun CNC (Centre national du cinéma et de l’image animée) ilə bir proqramı var idi. Türkiyə və Qafqaz ölkələrindən layihələr seçilir, Kann Film Festivalında pitçinq sessiyalarına və fransız prodüserlərlə görüşlərə qatılırdı. Mən də çox düşünmədən müraciət etdim. Çox geniş sənədlər tələb olunmurdu: sinopsis, ideya və rejissor haqqında qısa məlumat. Layihəm seçildi. Azərbaycandan seçilən yeganə layihə mənim layihəm idi. Digər seçilmiş layihələrin əksəriyyəti Ermənistan və Gürcüstandan idi. Orada aldığım rəylərdən, fransız prodüserlərlə görüşlərdən sonra başa düşdüm ki, bu hekayənin beynimdə qalmasının səbəbi onun həqiqətən maraqlı və kino dili üçün uyğun olmasıdır. Mənim əvvəlki filmlərimdə təsadüfən də olsa əsas qəhrəmanlar daha çox kişi olub. Bu dəfə isə mərkəzdə qadın obrazı dayanır. Sonra Torino Film Lab-a müraciət etdim və orada da seçildim. Mentorlarımdan biri Jeremy Dubois idi. Onun verdiyi rəylər mənim üçün çox faydalı oldu. Həmin tövsiyələri nəzərə alaraq tritmenti yenidən işlədim. Daha sonra Hubert Bals Fund elan olundu. Kann pitçinqində Türkiyədən prodüser Fəxriyyə İsmayılova (Parda Film) da öz layihəsini təqdim edirdi. Mənim layihəmi gördü və ko-prodakşn tərəfdaşı kimi qoşulmaq istədiyini bildirdi. Beləliklə, layihənin ilk mərhələsində Azərbaycan-Türkiyə əməkdaşlığı formalaşdı. Hubert Bals Fund üçün layihə dosyesini hazırladıq, yeni tritment və mud-video ilə müraciət etdik və seçildik. Hazırda məqsədimiz layihəni yalnız Azərbaycan-Türkiyə əməkdaşlığı ilə məhdudlaşdırmamaq, gələcəkdə başqa ölkələrin də qoşulmasıdır. Beynəlxalq ko-prodakşnlar həm filmin daha geniş auditoriyaya çatmasına, həm də Azərbaycan kinosunun beynəlxalq görünürlüyünün artmasına kömək edir. İndi layihə inkişaf mərhələsindədir. Əsas diqqət ssenari üzərinə, konseptin formalaşdırılmasına və mənim müəllif baxışımın daha da dəqiqləşdirilməsinə yönəlib.
– Bu dəstək proqramının maliyyədən başqa hansı üstünlükləri var?
Əslində maliyyə çox böyük deyil. Başlanğıc üçün faydalıdır, amma simvolik xarakter daşıyır. Məncə, əsas məsələ Hubert Bals Fund kimi nüfuzlu bir fondun sənin layihəni seçməsidir. Çünki seçim komitəsində çox təcrübəli kino mütəxəssisləri yer alır. Onların layihənə inanması müəllif kimi sənə göstərilən etimaddır. Onlar yalnız tritmentə yox, rejissorun bədii baxışına və bütün layihə dosyesinə baxırlar. Belə bir fond tərəfindən seçilmək layihənin tanınmasına, gələcək mərhələlərdə yeni qrantlara və tərəfdaşlıqlara yol açır. Bu baxımdan mənim üçün maliyyədən daha qiymətlisi layihənin qazandığı etibar və beynəlxalq görünürlükdür.
– Film üçün aktyor seçimi ilə bağlı artıq müəyyən fikirlər formalaşıbmı?
Mən həmin küçədə gəzəndə ideya ağlıma gələn anda baş qəhrəman kimi ilk ağlıma gələn insan Kəmalə İsrafilova oldu. Kəmalə ilə biz aktyor və rejissor kimi yox, illər əvvəl tamamilə başqa sahədən tanış olmuşuq. Təxminən iyirmi ilə yaxındır dostuq. Maraqlıdır ki, bu vaxta qədər heç bir filmimdə birlikdə işləməmişik. Bu filmdə isə qəhrəmanın mənim yaşlarıma yaxın, Bakıda böyümüş və bizim nəslin qadınlarını təmsil edən biri olmasını istəyirdim. Bu səbəbdən gözümün önünə ilk gələn ad Kəmalə İsrafilova oldu. Digər obrazlar üçün də düşündüyüm aktyor və aktrisalar var, amma hələlik onların adlarını açıqlamaq istəmirəm. Kəmalənin adını rahat deyə bilirəm, çünki onun silueti hazırkı posterdə var.
– Siz tez-tez beynəlxalq kino mühitində olursunuz. Xaricdən baxanda Azərbaycan kinosunun ən böyük çatışmazlığı nədir?
Əlbəttə, biz özümüzü Fransa və ya ABŞ kimi böyük kino sənayeləri ilə müqayisə edə bilmərik. Amma Qazaxıstan və Qırğızıstan kimi bizə yaxın ölkələrlə müqayisədə ən böyük problemimizin kinoteatrların azlığı olduğunu düşünürəm. Mən bunu həmişə deyirəm. Kinoteatr sayı az olduğu üçün filmlər tamaşaçıya çatmır. Bu isə sponsorların da kinoya marağını azaldır. Bu yaxınlarda Qırğızıstanda idim. Orada ildə yüzə yaxın bədii film istehsal olunur. Çünki ölkənin müxtəlif bölgələrində kinoteatrlar fəaliyyət göstərir və filmlər xərclərinin müəyyən hissəsini geri qaytara bilir. Bu da sponsorların və investorların kinoya marağını artırır. Texniki və peşəkar məsələləri bir kənara qoysaq, məncə Azərbaycanın ən böyük problemi məhz kinoteatr şəbəkəsinin zəif olmasıdır.
– Azərbaycanlı kino mütəxəssislərinin beynəlxalq layihələrdə daha çox iştirak etməsi üçün hansı dəyişikliklər vacibdir?
Məncə, burada əsas problemlərdən biri beynəlxalq təcrübənin az olmasıdır. Hazırda müəllif filmləri çəkən rejissorlar əsasən ARKA-nın pitçinq və fond proqramlarından asılıdırlar. Kommersiya filmləri üçün vəziyyət fərqlidir, amma müəllif kinosunda imkanlar məhduddur. Büdcə limitlidir və hamı eyni mənbəyə müraciət edir. Əgər Azərbaycan gələcəkdə “Eurimages”ın (European Cinema Support Fund) üzvü olsaydı, xarici fondlara müraciət etmək, qrant qazanmaq və həmin maliyyəni ölkəyə gətirmək daha asan olardı. Düzdür, bunun yaxın zamanda baş verəcəyini düşünmürəm. Amma digər ölkələrdə milli fondlardan əlavə müxtəlif maliyyə mənbələri də var. Bizdə isə belə imkanlar hələ kifayət qədər deyil.
– Dediyiniz institusional imkanlarla yanaşı, kino mütəxəssislərinin özlərinin beynəlxalq mühitə uyğunlaşması və xarici təcrübə qazanması üçün hansı bacarıqları inkişaf etdirməsi vacibdir?
Bu, bir qədər də fərdi məsələdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Respublikası Kino Agentliyinin səfər qrantları və maliyyə dəstəyi kino mütəxəssisləri üçün çox vacibdir. Çünki beynəlxalq festivallarda iştirak etmək kifayət qədər bahalıdır. Amma mən həmişə gənc kinematoqrafçılara deyirəm ki, mütləq xarici dil öyrənsinlər. Çox yaxşı film çəkə bilərsiniz, amma layihənizi təqdim edə bilmirsinizsə, beynəlxalq mühitə çıxmaq çətin olacaq. Prodüserlərlə əlaqə saxlamaq, müraciət hazırlamaq, pitçinq etmək üçün dil biliyi vacibdir. Digər vacib məsələ isə araşdırmadır. Bir çoxları düşünür ki, fondlara müraciət etmək sadəcə sənəd doldurmaqdır. Halbuki həmin mətnlər üzərində çox ciddi işləmək lazımdır. Seçim komissiyaları onları həqiqətən diqqətlə oxuyur. Ona görə də dil biliyi və hansı layihə ilə hansı fonda müraciət etməyi düzgün seçmək beynəlxalq uğurun əsas şərtlərindəndir.
– Bu il bir neçə layihənizi tamamlamısınız. Hazırda hansı filmlər üzərində işləri yekunlaşdırmısınız?
Bu il üç filmi tamamlamışam. “Kapitan və Xəzər dənizi” filminin dünya premyerası Sarayevo Film Festivalında baş tutacaq. İlk tammetrajlı bədii filmim olan “Ölü Həsən” artıq tamamlanıb və hazırda premyerasını gözləyirik. Qusarda çəkdiyim qısametrajlı sənədli film “Külək bura gəlmir” isə son rəng korreksiyası mərhələsindədir
Aynur Kazımova








