Əsas ARKA-DALAÇIN BEYNƏLXALQ FİLM FESTİVALININ QALİBLƏRİ MÜKAFATLANDIRILIB

LAÇIN BEYNƏLXALQ FİLM FESTİVALININ QALİBLƏRİ MÜKAFATLANDIRILIB

by editor

Laçın şəhərində 3 gün davam edən Beynəlxalq Film Festivalı (LİFF) başa çatıb. Festivalın rəsmi bağlanış mərasimi Laçın Şəhəri Günü münasibətilə təşkil olunmuş təntənəli tədbirlər proqramı çərçivəsində keçirilib.

Bağlanış mərasimi zamanı festivalın qalibləri – 5 yerli və 2 xarici rejissor “Qızıl Palıd Budağı” mükafatı ilə təltif ediliblər.

İlk mükafat Laçın Beynəlxalq Film Festivalına töhfəsinə görə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədova verilib. Mükafatı festivalın direktoru Amil Amal təqdim edib.

Cəmiyyətin aktual problemlərinin kino dili ilə ifadəsinə görə təltif olunan rejissor Elvin Rüstəmzadəyə mükafatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin baş direktoru Rəşad Əzizov təqdim edib.

“Ən yaxşı bədii film” nominasiyasında İlkin Umarov (“Hasarlar arxasında”), “Ən yaxşı sənədli film” nominasiyasında Elşad Ərşadoğlu (“İşığa doğru”) qalib gəliblər.

Kino aktyoru sənətinin inkişafındakı xidmətlərinə görə Şamil Süleymanlı mükafata layiq görülüb. Mükafatı Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdim edib.

Fransalı rejissor Jan-Mari Vilnöv (Ən yaxşı qısa film “Reproduksiya”) və qırğızıstanlı Toktobek Usonov (Münsiflərin xüsusi mükafatı “Günahsız”) da vətənlərinə mükafatla qayıdıblar.

Münsiflər heyətinin xüsusi diqqətini çəkən filmlər diplomla təltif edilib: rejissor Ayan Məlik “Laylay” filminə görə, aktyor Anar Bulud “Timşel” filminə görə (rejissor Orxan Bakınski), rejissor Asiman Ağa Rövşən “Divarın o üzü” filminə görə, rejissor Mehmet Oğuz Yıldırım “Kudret” filminə görə, gənc rejissor Uğur Bəkirliyə

Qeyd edək ki, Şərqi Zəngəzurda ilk Beynəlxalq Film Festivalı Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin, Qarabağ Dirçəliş Fondunun, Bakı Abadlıq Xidmətinin və digər qurumların dəstəyi, “Hoçazfilm” kinostudiyasının təşkilatçılığı ilə keçirilib. Festivalda iştirak üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunmuşdu. Onlardan 15 ölkəni təmsil edən 20 film seçilərək, nümayiş olunub. O cümlədən, Özbəkistanda istehsal edilmiş “Əmir Teymur” filminin (rejissor Ceykob Şvarts) xüsusi Qarabağ premyerası keçirilib.

Əlaqədar Yazılar