Yanvar ayının 22-də Azərbaycan Respublikasının Kino Agentliyinin işçi heyətinin geniş tərkibdə iclası keçirilib və cari il üçün keçiriləcək müsabiqə və digər istiqamətlərdə fəaliyyətin təşkili üçün müzakirələr aparılıb.
Ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü il iyulun 18-dən noyabrın 29-dək keçirilmiş film layihələri müsabiqəsinin Seçim komissiyası və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası tərəfindən seçilmiş 11 qalib layihənin onları təqdim etmiş müstəqil prodüser mərkəzləri tərəfindən ARKA-nın dəstəyi ilə istehsalına başlanılması məqsədilə müvafiq tədbirlər görülməkdədir.
Bununla əlaqədar zəruri olan ilkin hüquqi-sənədləşmənin aparılması, qalib şirkətlərlə satınalma müqavilələrinin bağlanılmasına razılıq verilməsi üçün aidiyyəti dövlət orqanına müraciətin olunması və s. işlər həyata keçirilib.