“NARQİZ”, “TƏRSİNƏ KÖLGƏLƏR” VƏ “ERKƏN HİSSLƏR”İN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ
17 yanvar 2025-ci il tarixində Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə istehsal olunmuş “Narqız” animasiya filmi, “Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimat mərasimi keçirilib. Müxtəlif janrlarda çəkilmiş bu üç qısa film 2023-cü ildə təşkil olunmuş “dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qalibləri sırasında yer alıb.
Bayram ovqatında baş tutan təqdimat mərasimində “Tərsinə kölgələr” filminin rejissoru, ilk bədii filminin həyəcanını yaşayan Hacı Səfərov media təmsilçiləri ilə söhbətində özünün çəkdiyi filmə öz baxış bucağında obyektiv münasibət sərgiləməyin çətin olduğunu etiraf edib: “Rejissorun, ssenaristin öz əsərinə obyektiv yanaşması mümkünsüz olur. Çünki o, sənin yaradıcılığının bir parçasıdır. Buna baxmayaraq, filmi izləyərkən problemləri və əskiklikləri görə bilirik. Məhdud resurs və vaxt çərçivəsində belə nəticə əldə etmək mənim üçün təsəllidir. İlk işimiz kimi normal bir film ortaya qoyduğumuza inanıram”.
Rejissor həmçinin filmi artıq yeddi beynəlxalq festivala göndərdiklərini və maraqla bu prosesin nəticələrini gözlədiklərini qeyd edib. ARKA-nın yeni elan etdiyi post-prodakşn mərhələsindəki filmlərə dəstək müsabiqəsinə yenidən müraciət edib-etməyəcəyi ilə bağlı sualın cavabında isə hazırda bunun üçün yeni layihəsinin olmadığını qeyd edib: “İlk müraciətim təsadüf nəticəsində oldu. Çünki artıq çəkilişi başa çatmış bir filmim vardı. Əgər gələcəkdə yeni bir layihəm olarsa, ARKA ilə yenidən əməkdaşlıq etməkdən məmnun olaram. Bu, həm yeni istedadların kəşf olunması, həm də kiçik büdcəli filmlərin maliyyələşməsi istiqamətlərində mühüm addımdır. Əlbəttə, müəyyən proseslərdə düzəlişlər edilə bilər və bizim geri dönüşlərimiz konstruktiv qarşılanarsa, hər şey daha yaxşı nəticələnər”.
Qeyd edək ki, ARKA-nın təşkil etdiyi bu müsabiqələr Azərbaycanda kino sahəsinin inkişafına, gənc və istedadlı rejissorların yeni filmlər ərsəyə gətirməsinə zəmin yaradır.