Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə film layihələri müsabiqəsi elan etmişdi. Bununla bağlı Mədəniyyət Nazirliyi tərəfindən “Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası” yaradıldı. Kinematoqrafiya sahəsində fəaliyyət göstərən özəl qurumlar dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrini 18 iyul – 29 noyabr 2023-cü il tarixlərində müsabiqəyə təqdim etdilər. təqdim olunmuş layihələrdən 11-i Ekspert Surası tərəfindən qalib elan olundu. Layihələri təqdim etmiş müstəqil prodüser mərkəzləri tərəfindən istehsala başlanılması məqsədilə ARKA tərəfindən müvafiq tədbirlər görülür.
Müsabiqə nəticələri əsasında layihələrin bəziləri “ssenarinin inkişaf proqramı”na yönləndirildi. Bununla bağlı Azərbaycan Respublikasının Kino Agentliyinin nəzdində Ssenari laboratoriyası yaradıldı və türkiyəli rejissor Semih Kaplanoğlunun rəhbərliyi ilə dekabrın 11-dən 25-dək bu layihələrin “ssenarinin inkişaf proqramı” çərçivəsində müzakirələri həyata keçirildi.
Eyni zamanda müsabiqənin nəticələri ilə bağlı narazılığı olan iştirakçılar üçün Apellyasiya komissiyası yaradıldı. Komissiya fəlaiyyətini davam etdirir.