Əsas ÜMUMİ PLANDAFESTİVALLAR “BƏŞƏRİYYƏTƏ İSMARIC” BEYNƏLXALQ KİNOFESTİVALINDA İKİ FİLMLƏ TƏMSİL OLUNURUQ

“BƏŞƏRİYYƏTƏ İSMARIC” BEYNƏLXALQ KİNOFESTİVALINDA İKİ FİLMLƏ TƏMSİL OLUNURUQ

by editor

Rusiyanın Sankt-Peterburq şəhərində 18-27 oktyabr tarixlərində 34-cü “Bəşəriyyətə ismarıc” Beynəlxalq Kinofestivalı keçiriləcək. Festivalda Azərbaycan iki filmlə təmsil olunacaq: “İkinci planetin qırmızı rəngi” və “Yaddaş. POV”.

Rejissor Azər Quliyevin “İkinci planetin qırmızı rəngi” filmi festivalın “Bədii qısametrajlı filmlər” müsabiqəsində iştirak edəcək. Filmdə hadisələr 44 günlük Vətən Müharibəsi fonunda baş verir.

“İkinci planetin qırmızı rəngi” filmi 2021-ci ildə Mədəniyyət nazirliyi tərəfindən keçirilən “Böyük qayıdış” layihə müsabiqəsinin qaliblərindən biridir. “Azərbaycanfilm” kinostudiyası və “Narimanfilm” şirkətinin dəstəyi ilə “Mozalan” studiyasında çəkilmiş filmin dünya premyerası bu ilin əvvəlində Finlandiyanın Tampere şəhərində keçirilən beynəlxalq kinofestivalın Cənubi Qafqaza həsr olunmuş xüsusi proqramı çərçivəsində baş tutub.

Rejissor İqor Smolanın “Yaddaş. POV” filmi isə “Bəşəriyyətə ismarıc”  Beynəlxalq Kinofestivalının “Qısametrajlı sənədli filmlər” bölməsində iştirak edəcək. Film Azərbaycanla Sinqapurun müştərək istehsalıdır.

“Bəşəriyyətə ismarıc” kinofestivalı hazırda festivalın fəxri prezidenti olan Mixail Litvyakov tərəfindən təsis olunub. 2010-cu ildən etibarən festivala sənədli və bədii filmlər rejissoru, Rusiyanın Xalq artisti Aleksey Uçitel rəhbərlik edir.

Əlaqədar Yazılar