Əsas FESTİVALLAR “DOKUTOOR” İLK NÜMAYİŞİNİ KEÇİRDİ

“DOKUTOOR” İLK NÜMAYİŞİNİ KEÇİRDİ

by editor

Fevralın 15-də “Nizami” Kino Mərkəzində DokuBaku Beynəlxalq Sənədli Film Festivalı komandasının “DokuToor” layihəsi çərçivəsində ilk nümayiş proqramı baş tutub. Xatırladaq ki, layihə AR Mədəniyyət Nazirliyi tərəfindən 4 iyul – 2 avqust 2024-cü il tarixlərində qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinin qalibidir. Layihənin icraçısı Gənc Film İstehsalçıları Assosiasiyasıdır.

Nümayişdə DokuBaku  Beynəlxalq Sənədli Film Festivalında mükafat almış “Tanrının xilas əli” (rej.Babək Abbaszadə; iCosmos mükafatı), “40.30” (Rusiya, rej. Vasili Ovçinnikov; iCosmos Xüsusi mükafatı), “Elə o vaxtdan mən uçuram” (İsveçrə, rej. Aylin Gökmən; iCosmos mükafatı) qısametrajlı sənədli filmlər tamaşaçılara təqdim olunub.

Hər üç film ekstremal vəziyyətlərdə insanın duyğularının transformasiyasından, sağqalma instinktinin insanı necə dəyişdiyindən bəhs edir.

Babək Abbaszadənin “Tanrının xilas əli” filmi 1958-ci ildə Azərbaycanda baş vermiş və bütün SSRİ-yə səs salmış qəhrəmandan – dənizdə batan uşaqları xilas edərkən həlak olan Tofiq Hüseynovdan bəhs edir. Müəllif, qəhrəmanın, onun yaxınlarının dilindən və arxiv materialları əsasında həmin günü canlandırmağa çalışır.

Vasili Ovçinnikovun “4.30” filminin qəhrəmanı isə uşaq yaşlarında görmə qabiliyyətini itirmiş, ancaq, həyata təslim olmayan yaşlı marafonçudur.

Aylin Gökmənin “Elə o vaxtdan mən uçuram” filmi həbsxanada işgəncəyə məruz qalan və ağrı hiss etməmək üçün uçduğunu təsəvvür edən, uşaqlıq xatirələrinə sığınan ortayaşlı kişidən bəhs edir.       

Nümayişdən sonra kinotənqidçi Aygün Aslanlının moderatorluğu ilə keçən müzakirədə rejissor Babək Abbaszadə tamaşaçıların suallarını cavablandırıb. Tamaşaçılar həmçinin digər iki film barədə də fikirlərini bölüşüblər.

Layihənin rəhbəri, DokuBaku-nun təsisçisi, kinorejissor İmaməddin Həsənovun sözlərinə görə, kreativ sənədli kinonun tamaşaçılarını formalaşdırmaq layihənin əsas vəzifələrindəndir. Onun fikrincə, proqrama salınmış filmlər yüksək kreativ keyfiyyətlərinə görə fərqlənir və tamaşaçılarımızın sənədli kino haqda təsəvvürlərini genişləndirəcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqı layihəyə təşkilati dəstək göstərir.

Əlaqədar Yazılar