Rejissor Elçin Musaoğlunun “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı “Məryəm” filmi Türkiyənin nüfuzlu “Altın Portakal” Beynəlxalq Film Festivalında yarışacaq. Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Orkhan Abbasoff, rəssamı Zaur Abdullayev, bəstəkarı Azər Hacıəsgərli, prodüserləri Fariz Əhmədov, Suat Köçer və Elçin Musaoğludur.
Film Məryəmlə atasının münasibətlərindən bəhs edir. Məryəm xatirələr vasitəsilə xəstə atasını geri qaytarmağa çalışır. Kənardan bu qeyri-mümkün görünə bilər. Amma biz inanırıq ki, böyük sevgi və inam möcüzələr yaradır. Filmdə əsas rolda Təhminə Rafaella çəkilib.
Filmin istehsalçıları “Azərbaycanfilm”, TRT (Türkiyə), Sinema Evi, Film Arası Yapım (Türkiyə) şirkətləridir.
Qeyd edək ki, 2011-ci ildə 48-ci Altın Portakal Film Festivalı çərçivəsində “Avrasiya Sinemaları” bölməsində Azərbaycan qonaq ölkə olaraq 5 film ilə müsabiqədənkənar şəkildə iştirak edib: “Əlvida, Cənub şəhəri”, “Buta”, “Niyyət”, “İlahi məxluq” və “Sahə”. Bu festivalda dramaturq, ssenarist Rüstəm İbrahimbəyova da “Xüsusi mükafat” təqdim olunmuşdu.
5-12 oktyabr 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək “Altın Portakal” festivalında “Məryəm” filminə və yaradıcı heyətə uğur diləyirik!