Kinoinfo.az internet portalında haqqında təfsilatlı məlumat verdiyimiz, ailəsinin 14 yaşında ərə vermək istədiyi qızın mübarizəsindən bəhs edən “Səriyyə” filminin 29 noyabr 2024-cü il tarixindən etibarən tamaşaçılara təqdimatına başlanılıb.
“Wow media” tərəfindən istehsal olunan filmin rejissoru və ssenaristi Əlixan Rəcəbovun dediyinə görə filmin ideyasının yaranmasına səbəb onun özünün 12 yaşlı qızın nişanlanmasından bəhs edən video materialı izləməsi olub. Lakin filmin çəkilməsi ilə bağlı bir çox nazirliklərə müraciət etsə də, onlardan heç bir müsbət cavab ala bilməyib. Nəticədə film özəl sektor təmsilçilərinin maliyyəsi hesabına ərsəyə gətirilib.
Büdcəsi 157 min manat təşkil edən filmdə rolları Əlixan Rəcəbovla bərabər Nazı Heydərova, Günay Əhməd, Niyaz İlyasoğlu, İbrahim Laçın, Şamil Süleymanlı, Cəmil Əhmədovdan ibarət aktyor heyəti canlandırıb. Yaş həddi 16+ olan filmin prodüseri Nicat Yüsifzadə, operatoru İman İmanov, rəssamı Elvin Əliyevdir.
Məlumat üçün onu da qeyd edək ki, film Nizami Kino Mərkəzi, Cinemastercard və Park Cinema kinoteatrlarında nümayiş olunur.