Əsas ARKA-DA KİNO AGENTLİYİ QALİB LAYİHƏLƏRLƏ MÜQAVİLƏLƏRİN İMZALANMASINA BAŞLADI

KİNO AGENTLİYİ QALİB LAYİHƏLƏRLƏ MÜQAVİLƏLƏRİN İMZALANMASINA BAŞLADI

by editor

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilmiş Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin qalib layihələrinin istehsalı üçün müqavilələrin bağlanılmasına başlanıldı.

Müsabiqənin Dövlət sifarişi istiqaməti üzrə çəkiləcək “Kür – çaylar anası” sənədli film layihəsi üzrə istehsal müqaviləsi bağlanıldı. Müqaviləni Azərbaycan Respublikası Kino Agentiliyinin direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu ilə “OD Media & Production” rəhbəri Seyran Mahmudoğlu arasında imzalandı.

“OD Media & Production” tərəfindən çəkiləcək filmin əsas ideyası keçmişdən bu günə Kür çayının tarixi, mədəni, iqtisadi rolunu ön plana çıxarmaq və bəşəriyyət üçün əhəmiyyətini ifadə etməkdir.

Kür çayı Azərbaycanın ən böyük təbii su mənbəyidir. Bu çay ölkənin su, enerji, qida, sənaye və təbii ehtiyaclarının yarıdan çoxunu təmin edir. Ümumilikdə 1515 km uzunluğu olan çayın 900 km-i Azərbaycan ərazisindən keçir.

Filmin çəkilişləri Kür çayının mənbəyinədn mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılacaq. Kürün keçdiyi coğrafiya, çayətrafı şəhərlər, bu ərazilərdə mövcud olan sosial-iqtisadi, tarixi-mədəni proseslər təsvir olunacaq. Tarix boyu mövcud olmuş böyük mədəniyyətlər əsasən su hövzələrində, xüsusilə də çayların ətrafında formalaşıblar. Kür sadəcə çay deyil, Cənubi Qafqazın “şah damarıdır”.

Mövzu ilə bağlı yerli və əcnəbi mütəxəssislərin müsahibələri filmdə yer alacaq.

Filmdə bədiiləşdirilmiş səhnələrin çəkilməsi və qrafikadan istifadə olunması da nəzərdə tutulub.

Filmin rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifləri Əkbər Nəcəf və Seyran Mahmudoğlu, prodüserləri Fariz Əhmədov və Seyran Mahmudoğludur.

Filmin 2024-cü ilin dekabr ayında təhvil verilməsi nəzərdə tutulub.

Film Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) keçirdiyi film layihələri müsabiqəsinin 11 qalibindən biridir.

Əlaqədar Yazılar