Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu Tacikistanda keçirilən 2-ci “Tocik Somon” Milli Kino Mükafatının münsiflər heyətində təmsil olunub. Mükafatın təqdimetmə mərasimində iştirak edən ARKA rəhbəri yerli və xarici mütəxəssislərdən ibarət münsiflər heyətində yer alıb.
Orxan Fikrətoğlu həmçinin Mərkəzi Asiya və digər ölkələrin kino mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirib. Bu təmaslarda bir sıra ortaq razılaşmalar əldə olunub. Azərbaycan filmlərinin Orta Asiya, Rusiya və Belarusda dublyaj edilərək nümayiş olunması və paralel olaraq həmin ölkələrin filmlərinin Azərbaycan dilinə tərcümə olunaraq ölkəmizdə göstərilməsi ilə bağlı razılıq əldə olunub.
Görüşdə həmçinin Azərbaycan prodüserlərinin bu regionlarda çəkilişlər zamanı vergi və digər güzəştlərdən yararlanması ilə bağlı razılığa gəlinib. Müştərək filmlərin istehsalı üçün ortaq fondun yaradılması və hər ölkənin qanunvericiliyinin bu qərarda əksini tapması təklif edilib. Yaradılacaq fondun idarəçiliyi direktorlar şurasına həvalə olunacaq. Adıçəkilən şuranın hüquqi statusu Orta Asiya, Rusiya, Belarus ölkələri və Türksoyun ratifikasiya olunmuş sənədlərində öz əksini tapacaq. Bununla əlaqədar ortaq kino bazarının və kino mühitinin yaradılması da nəzərdə tutulub.