“Qarabağ” Futbol Klubundan bəhs edən “Qarabağ FK: 30 mövsüm səfərdə” sənədli filminin təqdimat mərasimi keçirilib. Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, Mədəniyyət naziri Adil Kərimli, Gənclər və idman naziri Fərid Qayıbov, ölkənin mədəniyyət və idman ictimaiyyəti iştirak edib.
“Salnaməfilm” studiyası, Bakı Media Mərkəzi və İctimai Televiziyanın birgə istehsalı olan film Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev, Nazim Hüseynov, Balakişi Qasımov, quruluşçu rejissoru Fuad Quliyev, ssenari müəllifləri İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov, Fuad Quliyev, quruluşçu operatoru Mateuş Çuxnovski, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rəşad Haşımovdur.
Qarabağ Futbol Klubunun fəaliyyətindən bəhs edən layihə 3 seriyadan və bu 3 seriyanı özündə birləşdirən bir tammetrajlı sənədli filmdən ibarətdir. Yaradıldığı Ağdam şəhəri 1993-cü ildə işğal olunduqdan sonra komanda bütün oyunlarını “səfərdə” oynasa da, Azərbaycanın ən uğurlu futbol klubuna çevrilib.
Ekran əsərində klubun fəaliyyətə başlaması və formalaşması, doğma stadionundakı son oyunlarının düşmənin hücum təhlükəsi altında keçirilməsi, habelə fəaliyyəti dövründə klubu tərk etməyən fədakar məşqçi və futbolçular, doğma komandanı addımbaaddım izləyən azarkeşlərin təəssüratları əks etdirilir.
2022-ci ildə istehsalına başlanan layihə 2023-cü ilin sonunda hazır olub. Filmin çəkiliş arealı da böyük bir ərazini əhatə edib. Azərbaycanın müxtəlif bölgələrində (Bakı, Sumqayıt, Qəbələ, Ağdam və s) aparılan çəkilişlərlə yanaşı, Polşa, İtaliya, Niderland və Polşada da çəkilişlər aparılıb. Araşdırma aparılaraq geniş video və foto arxivdən istifadə olunub. 40 nəfərə yaxın şəxsdən müsahibə alınıb.
Vətənindən didərgin düşsə də, ayaqda qalmaq və sonda doğma yurda qayıtmaq arzusunu itirməyən kiçik əyalət klubunun ölkənin əsas futbol komandasına çevrilmək hekayəsi “Qarabağ”a könül verən, eləcə də bütün futbol azarkeşləri üçün maraqlı olacaq.
Tədbirdə çıxış edən Tahir Gözel bildirib ki, “Qarabağ” haqqında çəkilən bu film dünyanın hər yerində, o cümlədən Avropada ən böyük mükafatlara layiq görülməlidir: “Belə bir əsərə görə emosiyalara qərq olmamaq mümkün deyil. Belə tarix və iradə harada var? Heç yerdə. Bombalar altından Avropanın fəthinə. “Qarabağ”ın hekayəsi Vətənin hekayəsi ilə paraleldir. İtirilən torpaqlar, yeni yaradılan ölkə və möhtəşəm zəfərlər. “Qarabağ” Azərbaycana, Azərbaycan da “Qarabağ”a ilham verir. Hamısının başında cənab İlham Əliyev dayanıb. “Qarabağ”ın yaratdığı möcüzə bu filmdə də açıq-aydın əksini tapıb. Möhtəşəm əsərdir. Futbol tarixinə, film dünyasına hədiyyədir. Film Avropada, dünyanın hər yerində ən böyük mükafatlara layiq görülməlidir”.
Tədbirin sonunda Arzu Əliyevaya “Qarabağ”ın xüsusi forması təqdim olunub.
YARADICI HEYƏT:
Baş prodüser: Arzu Əliyeva
Prodüserlər: Nazim Hüseynov, Orman Əliyev, Balakişi Qasımov
Quruluşçu rejissor: Fuad Quliyev
İdeya müəllifləri: Fərhad Hüseynov, Murad Hüseynov
Ssenari müəllifləri: İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov, Fuad Quliyev
Quruluşçu operator: Mateuş Çuxnovski
Quruluşçu rəssam: Şahin Həsənli
Bəstəkar: Rəşad Haşımov
Montaj rejissoru: Əsgər Rəhimov
Səs rejissorları: Hafiz İbrahimli, Ramiz Hüseynov
Musiqi tərtibatçısı: Azad Vəliyev
Koordinator: Aydan Əhmədova
Rejissor assistenti: Vəfa Fətullayeva
Operatorlar: Ziya Babayev, Əli Əliyev, Namiq Vəliyev, Yusif Qasımov
İcraçı prodüserlər: Fariz Əhmədov, Azad Axundov, Yalçın Verdiyev