“MƏQSƏDİMİZ TARİXİ-MƏDƏNİ İRSİMİZİ XALQIMIZA ÇATDIRMAQDIR”.
Bakı Media Mərkəzinin istehsalı olan “Tağiyev: Neft” filmi 7 noyabr 2024-cü il tarixində geniş tamaşaçı kütləsinə təqdim olundu. Təqdimat zamanı filmin prodüseri Orman Əliyev bildirdi ki, onlar çəkilişlərə 5 il öncə başlayıblar. Lakin filmin təqdimatının Hacı Zeynalabdin Tağıyevin ölümünün 100-cü ilinə təsadüf etməsini planlaşdırmayıblar. Ekran işinin bu tarixdə başa çatması xeyriyyəçinin ruhuna çox gözəl bir hədiyyə oldu.
Prodüser həmçinin “Tağiyev: Neft”in çəkilişləri ilə bağlı digər ciddi mətləblərdən də söz açaraq qeyd etdi ki, “5 il ərzində bu film üzərində 2500-dən çox insan işləyib və ümumilikdə ekran işi 8 hissədən ibarətdir. Amma kinoteatr versiyası 4 hissəli olacaq. Növbəti seriyanın təqdimatı üç aydan sonraya planlaşdırılır. Yaxın gələcəkdə filmin “YouTube” üzərindən və ya digər platformalarda yayımı planlaşdırılmır. Filmin bütün seriyaları yalnız kinoteatrlarda göstəriləcək”.
Filmin rejissoru Zaur Qasımlının dediyinə görə, istehsalat zamanı ən çətin proses aktyor seçimi olub. Xüsusilə milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin obrazının canlandırması üçün aktyorun seçilməsi çox çətin olmaqla yanaşı, xeyli də vaxt aparıb.
Rejissor onu da söylədi ki, ““Tağıyev: Neft” filminin ərsəyə gətirilməsindən əsas məqsəd kassadan gəlir götürmək deyil, Azərbaycan xalqına Azərbaycanın tarixi-mədəni irsini dəyərincə çatdırmaqdır”. Filmin Azərbaycandan kənarda da yayımlanması üçün də lazımi işlərin aparıldığını qeyd edən Zaur Qasımlı həmçinin bildirdi ki, filmdə Tağıyev ikona kimi yox, arzuları, istəkləri, məğlubiyyəti və eyni zamanda səhvləri olan canlı insan kimi lentə alınıb.
Qeyd edək ki, bütün kinoteatrlarda yayımlanan filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhimdir.
Aynur Kazımova