Əsas MEYDANDA HƏYƏCANLI ANLARLA DOLU “OTEL LOO” FİLMİNİN ÇƏKİLİŞLƏRİ BAŞLAYIB

HƏYƏCANLI ANLARLA DOLU “OTEL LOO” FİLMİNİN ÇƏKİLİŞLƏRİ BAŞLAYIB

by editor

Rejissor Elvin Rüstəmzadə “Otel Loo” adlı yeni filmini çəkir. Xronomterajı 75 dəqiqə olan “Otel Loo” komediya janrındadır. Baş prodüseri İslam Ağa, prodüseri Nurlan Qarayev olan film “3İ Cinema” və “Gold Cine Vision” tərəfindən birgə istehsal olunur. Yaş həddi 16+ olan filmin operatoru Vasif Vəlizadə, rəssamı Ülviyyə Verdiyeva, bəstəkarı Vüqar Məmmədzadədir.

Ssenarisi Asiman Ağa Rövşənə məxsus filmin mövzusu Murad adlı tanınmış psixoloqun başına gələn hadisələr üzərində cərəyan edir. Murad müxtəlif sosial verilişlərdə ekspert qismində çıxışlar edir, problemli insanları dinləyir və onlara məsləhətlər verir. Bir gün də Aliyə adlı məşhur müğənni onun qəbuluna gəlir. Aliyənin əsl məqsədi ekspertlə münasibət yaratmaq olur. Əslində astrologiyaya həddən artıq inanan və həyatını bürclərə uyğun yaşayan Aliyə Muradı televizorda görüb bəyənib, hətta onun bürcü ilə maraqlanıb və müəyyən edib ki, ona ən uyğun partnyor elə Muraddır.

Aliyə uyğun bir məqamda ekspertə intim münasibətlərə başlamağı təklif edir və Muradı yoldan çıxarır. Onlar ilk gecəni oteldə keçirməyi qərara alırlar. Murad ehtirasa qapılarkən özündən biixtiyar Aliyənin boğazından bərk sıxmağa başlayır. Aliyə həyəcandan huşunu itirir, bununla da qızın ürəyi dayanır. Murad Aliyənin öldüyünü zənn edib təlaşa düşür. Variantlar axtarır. Öz həyat yoldaşı, məhkəmə tibbi ekspertizasının kriminalisti işləyən Səbinəni köməyə çağırmağa məcbur olur…

Filmdə rolları Azər Aydəmir, Oksana Rəsulova, Günəş Mehdizadə, Asiman Ağa Rövşən, Nurlan Süleymanlı, Səmimi Fərhad, Kamil Nazim, Mələk Hacıyeva, Nihad Heybətov və Aqil Sadıqzadə canlandırır.

Əlaqədar Yazılar