“OB FILM” və “KİNOBİZ” şirkətləri tərəfindən birgə istehsal olunan “İşığa doğru” sənədli filmi 78-ci Salerno Beynəlxalq Film Festivalının müsabiqə proqramına seçilərək festivalda nümayiş olunub.
Ümumilikdə 39 ölkədən bədii, sənədli və animasiya filmlərinin seçildiyi, 25-30 noyabr tarixində İtaliyanın Salerno şəhərində keçirilən festivalın sənədli filmlər proqramında “İşığa doğru” ilə yanaşı Fransa, İtaliya, ABŞ, Kanada, İran, İngiltərə, İspaniya və Avstriyadan təqdim olunmuş filmlər yer alıb.
Qeyd edək ki, 1946-cı ildən başlayaraq hər il təşkil edilən, Avropanın ən qədim və nüfuzlu kino festivallarından olan Salerno Film Festivalında bugünədək Vittorio de Sika, Rossano Brazzi, Adriana Benetti, Maria Mercader, Mariella Lotti kimi dünya kinosunun klassikləri iştirak ediblər.
Müşahidə və subyektiv kamera üsullarından istifadə edilməklə ərsəyə gətirilən və iki paralel süjet xətti üzərində qurulan “İşığa doğru” sənədli filmində hadisələr Qarabağda işğaldan azad olunmuş ərazidə cərəyan edir. Film Qarabağda 30 il əvvəl itirdiklərini axtaran qəhrəmanların hekayəsidir.
Ərşad Əliyev, Rəsul Kamal və Elşad Ərşadoğlunun iştirakı ilə real hadisələr əsasında çəkilən filmin ssenari müəllifi və rejissoru Elşad Ərşadoğlu, təsvir rejissoru Vasif Vəlizadə, səs rejissoru Hafiz İbrahimli, montaj rejissoru Murad Şükürlu, prodüserləri Ramil Ələkbərov və Orxan Behbiddir.
Filmin festival dəstəyini Azərbaycan Kinematoqrafçılar İttifaqı həyata keçirir.