Əsas MEYDANDA “YEPYENİ İL” SÜRPRİZ GÖRÜŞLƏRLƏ ƏHATƏ OLUNACAQ

“YEPYENİ İL” SÜRPRİZ GÖRÜŞLƏRLƏ ƏHATƏ OLUNACAQ

by editor

“SABAH” STUDİYASI ƏNƏNƏLƏRİNƏ QAYIDIR

Azərbaycan Televiziyasının “Sabah” Yaradıcılıq Studiyası çoxillik ənənəsinə sadiq qalaraq öz tamaşaçılarına illərin qovuşuğunda Yeni il mövzusunda yeni bədii televiziya filmi təqdim edəcək.

Xronometrajı 60 dəqiqə olan filmin mövzusuna əsasən “Yepyeni il”dəki hadisələr ilin son gününə təsadüf edir. Belə ki, bir neçə il öncə təqaüdə çıxmış Vaqif özü kimi taqaüdçü olan sabiq müavini ilə şahmat oynamaqdan qayıdanda uzaqdan ona tanış gələn bir qadını maşınına mindirir. Yolda hər ikisinə gələn telefon zənglərindən belə anlaşılır ki, sərnişin xanımın oğlu eynən Vaqifin qızı kimi ailəsi ilə xaricdə yaşayır. Söhbət əsnasında o da məlum olur ki, bu qadın – Vaqifin yarım il bir yerdə oxuduğu keçmiş sinif yoldaşı və sevgisini etiraf etməyə macal tapmadığı ilk məhəbbəti Nigardır. Hazırda isə onların ikisi də duldur. Sürpriz görüşlərlə davam edən gün ikisinin də keçmiş digər sinif yoldaşları və xaricdən bayramı onlarla birgə keçirməyə gəlmiş nəvələri Banuçiçək və Beyrəklə Yeni il şənliyinə qatılmaları ilə bitir.

Lirik komediya janrında ssenariləşdirilən filmin baş prodüseri Ramiz Həsənoğlu, quruluşçu rejissoru Sirac Mustafayev, ssenari müəllifi Seymur Şahbazzadə, quruluşçu operatoru Murad Abdullazadə, quruluşçu rəssamı Elyaz Səfərov, işıq rəssamı Tahir Bağırov, rejissoru Ramina Qarayeva, icraçı prodüseri Səxavət Sahildir. Rolları Xalidə Quliyeva, Cahangir Novruzov, Yasin Qarayev, Şamil Süleymanov, Arif Kərimov, Mirzə Ağabəyli və başqaları ifa edir.

Film yeni ilin ilk günü – 1 yanvar 2025-ci ildə AzTV-də efirə veriləcək.

Əlaqədar Yazılar