Əsas MEYDANDA “İZDİVAC” FİLMİNİN ÇƏKİLİŞLƏRİ DAVAM EDİR

“İZDİVAC” FİLMİNİN ÇƏKİLİŞLƏRİ DAVAM EDİR

by editor

Rejissor Elvin Rüstəmzadə yeni çoxseriyalı bədii filmi üzərində çalışır. Komediya janrında olan “İzdivac” filminin bu il “Youtube” platformasında nümayiş etdirilməsi planlaşdırılır.  Ekran işi “Gecə-gecə” adlı internet serialının ikinci bölümü olacaq.

Müəlliflərin sözlərinə görə, ”İzdivac” absurd məntiq və köhnə adət-ənənələrlə yoğrulmuş kənd həyatı fonunda baş verən qızqaçırma hekayəsinə komik və tənqidi yanaşma sərgiləyəcək.  Baş qəhrəman Fərrux otuz yaşını keçmiş, ailəsinin təzyiqi ilə evlənmək istəyən, kasıb və zəif xarakterli bir gəncdir. Onun anası Növrəstə isə nəvə sahibi olmağı arzulayır. Fərrux anasının seçdiyi Müşkünaz adlı qızı qaçırtmaq qərarına gəlir. Bu “mühüm əməliyyat”da ona iki köhnə dostu – plançı Eldostu və aliment borcuna görə daim gizlənən, həyatından bezmiş Surxay kömək edir.

Filmdə rolları Səmimi Fərhad, Əli Ucal, Sabirə Abdullayeva, Kamil Nazim, Rasəf Mehdiyev və Müdhət Aydın ifa edirlər.

Yaş həddi 12+ olan ekran işinin quruluşçu rejissoru Elvin Rüstəmzadə, ssenari müəllifi Əli Ucal, operatoru Şahmar Səfəroğlu, rəssamı və ikinci rejissoru isə Telman Talıbdır. Elcan Məmmədovun prodüserliyi ilə çəkilən “İzdivac” “Prove prodakşn” şirkətinin istehsalıdır.

Əlaqədar Yazılar