Əsas FESTİVALLARVI“SEVİL” BEYNƏLXALQ  QADIN SƏNƏDLİ FİLM FESTİVALI BAŞLAYIR

VI“SEVİL” BEYNƏLXALQ  QADIN SƏNƏDLİ FİLM FESTİVALI BAŞLAYIR

by editor

Azərbaycanda qadın müəlliflərin filmləri üzrə ixtisaslaşmış ilk və yeganə kinofestival olan “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı bu il də yeniliklər və zəngin proqramla geri dönür. 5-13 iyul tarixləri arasında Bakıda, Şəkidə və Lənkəranda keçiriləcək festival, ölkəmizdə qadın kinematoqrafçıların yaradıcılığının beynəlxalq səviyyədə tanınması və dəstəklənməsi məqsədilə təşkil olunur.

Festivalın proqramı təkcə yerli və xarici filmlərin nümayişi ilə məhdudlaşmır. Bu il festivala dəvət olunan peşəkarlar arasında məşhur montaj rejissoru Kler Aterton, feminist nəzəriyyəçi Laura Malvi, “Invisible Women” kollektivinin həmtəsisçisi Reyçel Pronqer və Sarayevo Kinofestivalında sənədli film proqramının tərtibatçısı Rada Şesiç kimi bu sahədə nüfuzlu qadınlar var. Onlar festival çərçivəsində ustad dərsləri keçəcək, iştirakçılara dəyərli biliklər və təcrübələr qazandıracaq, eləcə də sənaye daxilində əlaqələrin qurulması üçün əlverişli platforma yaradacaqlar.

Qeyd etmək lazımdır ki, 2020-ci ilin sentyabrında fəaliyyətə başlayan “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı Azərbaycanda gender mövzularını sənət və mədəniyyət vasitəsilə işıqlandıran müstəqil bir platformadır. Festival qadınların sosial və mədəni sahələrdə təmsilçiliyini artırmaq, onların səsini geniş auditoriyaya çatdırmaq üçün davamlı şəkildə çalışır.

”SevilFest-2025” qadınların sənətə verdiyi töhfələri göz önünə gətirmək və Azərbaycanda gender bərabərliyi istiqamətində daha çox dialoq yaratmaq üçün fürsət təqdim edir. Festivalın proqramında yerli və beynəlxalq filmlərdən ibarət geniş seçim, eləcə də açıq müzakirələr və tədbirlər tamaşaçıları gözləyir.

Əlaqədar Yazılar