Əsas FESTİVALLAR“MƏNİM SEHRLİ DÜNYAM” FİLMİ BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK EDİR

“MƏNİM SEHRLİ DÜNYAM” FİLMİ BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK EDİR

by editor

Rejissor Elvin Adıgözəlin “Mənim sehrli dünyam” filmi 16-30 oktyabr tarixlərində Braziliyanın San-Paolo şəhərində keçiriləcək 49-cu San-Paolo Beynəlxalq Film Festivalının “Beynəlxalq perspektivlər” müsabiqəsində iştirak edəcək.

Dünya premyerası XV “goEast” Beynəlxalq Kino Festivalında baş tutan “Mənim sehrli dünyam” filmini rejissor öz ssenarisi əsasında çəkib. Film, rayonların birində kənd ansamblında çıxış edən, televiziyalarda gördükləri musiqili şouda iştirak etməyi arzulayan iki uşaqlıq dostu – Babək və Sahildən bəhs edir. Televiziya şousuna aparan yol onların dostluqlarını sınağa çəkir və ansamblın üzvlərinin həyatı əbədi olaraq dəyişir.

“Ultra Production” və “Cinex Production”un  birgə istehsalı olan filmdə rolları Cahangir Məlikov, Kamil Nazim, Kəmalə İsrafilova, Yusif Dadaşov, Ramiq Nəsirov, Xalıq Bəkirov, Zülfiyyə Nəzir Məmmədova, Zemfira Abdülsəmədova, İlqar Dadaşov, Mahir Mirişli, İskra Tarrant, Aygül Sadıqova və digərləri ifa edirlər.

Filmin prodüserləri Emil Nəcəfov (Ultra production) və Mariya İbrahimova (Cinex production), həmprodüserləri Olqa Matat, Sergey Konnov və Vlad Dudkodur (Evos Film, Ukrayna).

«Mənim sehrli dünyam», istehsalat dövründə “When East Meets West” kino forumunun “First Cut Lab” və “First Cut Plus” proqramlarında iştirak edib, o cümlədən TRT (Türkiyə) televiziya kanalının mükafatına layiq görülüb.

49-cu San-Paolo Beynəlxalq Film Festivalında “Mənim sehrli dünyam” filminin yaradıcı heyətini prodüser Mariya İbrahimova və aktrisa Kəmalə İsrafilova təmsil edəcək.

Xatırladaq ki, Azərbaycanda müstəqil kinonun aparıcı nümayəndələrindən olan Elvin Adıgözəlin bundan əvvəlki “Biləsuvar” filmi də bir çox beynəlxalq festivallarda – Cənubi Koreyanın Busan, Almaniyanın “goEast”, Fransanın Nant Film Festivallarında nümayiş olunub. Rusiyada keçirilən “Kinoşok” festivalında isə “Ən yaxşı ssenari” mükafatına layiq görülüb.

Əlaqədar Yazılar