Əsas ANALİTİKAESTONİYADA KİNO SƏNAYESİ

ESTONİYADA KİNO SƏNAYESİ

by editor

Vaxtilə SSRİ-nin tərkibində olmuş üç Baltikyanı dövlətdən (Estoniya, Latviya, Litva) Estoniya kinosunun daha diqqətəlayiq bir inkişaf yolu keçdiyini demək yanlış olmaz. Lakin eston kinosu həmişə yüksələn xətlə irəliləməyib.

1991-ci ildə SSRİ-dən ayrılıb müstəqilliyini elan edən Estoniyada bir çox mədəniyyət sahəsində olduğu kimi, film sənayesində də durğunluq dövrü başladı. Filmlərin maliyyələşməsi və istehsalına dəstək verən əsas qurum olan Tallinfilm studiyasının fəaliyyətində ciddi zəifləmə müşahidə olundu. Bu dövrdə dövlət tərəfindən xüsusi maliyyə mexanizmi yox idi, rejissorlar sərbəst və müstəqil fəaliyyət göstərməyə məcbur idilər. Film istehsalındakı bu yavaşlamaya baxmayaraq, 1992-ci ildə rejissor Priit Pärnın hazırladığı  “Hotell E” animasiya filmi kimi nəzərə çarpan işlər istehsal olunurdu. Eston kinosundakı durğunluq dövrü 1996-cı ildə pik həddə çatdı. Heç bir bədii filmin çəkilmədiyi həmin ildə sadəcə 2 sənədli film istehsal olundu.

Estoniya Film İnstitutu

1997-ci ildə Estoniyada milli kino sənayesini dəstəkləmək məqsədilə Estoniya Film Fondu (Eesti Filmi Sihtasutus) yaradıldı. Bu qurum 2013-cü ildən etibarən Estoniya Film İnstitutu (EFİ Estonian Film Institute) adlandırıldı və fəaliyyətini bu ad altında davam etdirməkdədir.

Estoniya Film İnstitutunun fəaliyyəti əsasən aşağıdakı istiqamətləri əhatə edir:

Filmlərin maliyyələşdirilməsi

Peşəkar kadrların hazırlanması və xarici mütəxəssislərlə əməkdaşlıq

Kino mədəniyyətinin qorunması və təşviqi

Filmlərin maliyyələşdirilməsi

Estoniya Film İnstitutu milli kino sənayesinin əsas maliyyə dəstəkçisi kimi fəaliyyət göstərir. İnstitut bədii, sənədli və animasiya filmlərinin istehsalını dəstəkləmək məqsədilə dövlət büdcəsindən və Avropa İttifaqının Creative Europe kimi proqramlarından maliyyə vəsaiti toplayır. Filmlərin çəkilişi üçün ayrılan vəsait layihələrin keyfiyyətinə və potensialına əsaslanaraq qrant və kredit şəklində verilir. Bununla yanaşı, EFİ çəkiliş xərclərinin müəyyən hissəsinin geri ödənməsi (cash rebate) mexanizmi ilə kino istehsalçılarına əlavə stimullar təqdim edir. Bu model həm daxili, həm də beynəlxalq film istehsalçılarını Estoniyada çəkiliş aparmağa təşviq edərək ölkənin kino sahəsinə investisiyaların artmasına şərait yaradır.

29 aprel 2022-ci ildə Estoniya hökuməti “Film Estonia”nın 2022-ci il üçün nağd geri ödəmə (cash rebate) büdcəsini 2 milyon avrodan 5,4 milyon avroya qaldırdığını elan edib ki, bunun da yerli iqtisadiyyata ən azı 8 milyon avro net təsir göstərməsi hesablanıb.

Estoniyada film istehsalına dəstək verən əsas qurum Estoniya Film İnstitutudur. Kino istehsalçılara edilən yardımlar bir neçə formada olur. Büdcədən film çəkilməsinə ayrılan birbaşa yardımın həcmi ildən-ilə artmaqdadır, məsələn, 2010-cu ildə 3 milyon avro olan bu rəqəm, 2023-cü ildə 6 milyon avroya, 2024-cü ildə isə 7 milyon avroya yüksəldilib. Bundan əlavə, geri ödəmə (cash rebate) proqramları da mövcuddur. Bu əsasən xarici film istehsalçılarını Estoniyada çəkiliş aparmağa cəlb etmək üçün yaradılıb və həcmi təxminən filmin büdcəsinin 20-30%-i səviyyəsində dəyişir. 2023-cü ildə film istehsalçılarına 4 milyon avro, 2024-cü ildə isə 6 milyon avro məbləğində pul qaytarılıb. Bu da Estoniyanın film istehsalçıları üçün daha cəlbedici dövlətə çevrildiyini sübut edir.

Estoniyada kino sənayesinin inkişafını bölgələr üzrə dəstəkləmək məqsədilə bir neçə regional film fondu da fəaliyyət göstərir. Məsələn, Tartu Film Fondu cənub-şərqi Estoniyada, Viru Film Fondu şimal-şərq bölgəsində, Pärnu Film Fondu isə Qərbi Estoniyada fəaliyyət göstərir. Həmçinin Estoniyanın adalarında – Saaremaa və Hiiumaa kimi yerlərdə çəkilişləri təşviq etmək üçün Estoniya Adaları Film Fondu mövcuddur. Bu regional fondlar çəkiliş xərclərinin müəyyən faizini geri qaytarmaqla kino layihələrinə əlavə dəstək verir və ölkənin kino istehsalını daha geniş coğrafiyaya yayılmasını təşviq edir.

Estoniyada fəaliyyət göstərən regional film fondlarının büdcələri isə aşağıdakı kimidir:
Tartu Film Fondu: İllik büdcəsi 150,000 avrodur. Estoniyanın cənub bölgəsində çəkilən layihələr üçün 35%-ə qədər geri ödəmə təklif edir.

Viru Film Fondu: İllik büdcəsi 200,000 avrodur. İda-Viru bölgəsində çəkilən layihələr üçün 40%-ə qədər geri ödəmə təklif edir.

Pärnu Bölgəsinin Film Fondu: İllik büdcəsi 100,000 avrodur. Pärnu bölgəsində çəkilən layihələr üçün 25%-ə qədər geri ödəmə təklif edir.

Estoniya Adaları Film Fondu: İllik büdcəsi 30,000 avrodur. Saaremaa və Muhu adalarında çəkilən layihələr üçün geri ödəmə məbləği layihəyə görə dəyişir.

Estoniya Mədəniyyət Nazirliyi ölkənin kino mədəniyyətində mühüm rol oynayan Artis, Sõprus (Tallinn), Elektriteater (Tartu) və Kannel (Vıru) kinoteatrlarına da maddi və texniki dəstək verdiyini vurğulamaq lazımdır.

Peşəkar kadrların hazırlanması və xarici mütəxəssislərlə əməkdaşlıq

Peşəkar kadrların hazırlanması və xarici mütəxəssislərlə əməkdaşlıq Estoniya Film İnstitutunun prioritet istiqamətlərindən biridir. Estoniyada kino təhsili əsasən Tallin Universitetinin Baltik Film, Media, İncəsənət və Kommunikasiya Məktəbi (Tallinn Baltik Film Məktəbi) vasitəsilə həyata keçirilir. İnstitut yerli film mütəxəssislərinin inkişafına dəstək verir və beynəlxalq layihələrdə xarici ekspertlərlə əməkdaşlıq imkanları yaradır. Həmçinin gənc film istehsalçılarını studiya və avadanlıqlarla təchiz edərək dəstək olmaqdadır. EFİ yerli film məktəbləri ilə qurduğu əməkdaşlıqlar nəticəsində Estoniya kino sənayesinin keyfiyyətinin yüksəlməsinə və qlobal miqyasda rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Kino mədəniyyətinin qorunması və təşviqi

Kino mədəniyyətinin qorunması və təşviqi də Estoniya Film İnstitutunun əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə institut Estoniya film irsinin qorunması, bərpası və ictimaiyyətə təqdim olunması üçün bir sıra layihələr həyata keçirir. Estoniyanın kino irsi əsasən Eston Film Arxivi (Eesti Filmiarhiiv) tərəfindən qorunur. Bu arxiv Estoniya Milli Arxivinin (Rahvusarhiiv) bir hissəsidir və 1930-cu illərdən bu günə qədər istehsal olunmuş sənədli, bədii və animasiya filmlərini qoruyub saxlayır. Arxiv həm fiziki, həm də rəqəmsal formatda filmlərin bərpası və rəqəmsallaşdırılması ilə məşğuldur.

Bundan əlavə, Estoniya Film İnstitutu yerli və beynəlxalq film festivallarında eston filmlərinin nümayişini dəstəkləməklə milli kino məhsullarının tanıdılmasına töhfə verir. Təşviqat fəaliyyətlərinə, həmçinin film mühazirələri, retrospektiv nümayişlər və tematik tədbirlər daxildir. EFİ eyni zamanda Avropa Kino Təşviqi (European Film Promotion), Media Plus, Avropanın Audiovizual Müşahidəsi (European Audiovisual Observatory) və Eurimages təşkilatlarının üzvü olmaqla eston filmlərinin beynəlxalq səviyyədə tanınmasını da stimullaşdırır.

Kinoteatr nümayişləri

Film sahəsindəki bu inkişafı sadəcə qurumlar yaratmaq və islahatlar aparmaqla əlaqələndirmək yanlış olar.  Estoniya əhalisinin kinoya və kinotetrlara olan marağı nəzərə alındıqda bu ölkədə kinematoqrafiyanın yüksələn xətt üzrə irəliləməsinin təsadüfi olmadığını görürük.

Avropa İttifaqı dövlətləri arasında Estoniyada kinoteatrlara olan marağın ortalamanın üzərində olduğu müşahidə olunur. COVID-19 pandemiyasına qədər kinoteatrlardakı tamaşaçı sayı hər il artıb, 2019-cu ildə isə bu rəqəm ən yüksək göstəriciyə, hər 100 sakin üçün 278 (3.7 milyon) nəfər tamaşaçı sayına yüksəlib. 2021-ci ildə tamaşaçı sayı minimuma düşdüyü halda belə orta hesabla il ərzində hər bir eston vətəndaşı ən az 1 dəfə kinoteatra gedib. 2023-cü ildə kinoteatrlar 2.8 milyon dəfə ziyarət edilib, həmin il kino biletlərinin satışından əldə edilən qazanc təxminən 20 milyon avro olub. Bu da yenidən 2019-cu ildəki pik həddə (21 milyon avro) yaxın rəqəmdir.

Hazırda Estoniyada 50-dən çox kinoteatr fəaliyyət göstərir. 2023-cü ilin statistikasına görə kinoteatrlarda 424 (əvvəlki ildən 10% çox) film nümayiş olunub ki, bu filmlərin 54-ü Estoniya istehsalı olub. Kinoteatrlarda nümayişlərin sayında yerli filmlərin payı 20%-dən çoxdur. 

Nəticə

Estoniya Film İnstitutu (EFİ) 1997-ci ildən bəri ölkənin kino sənayesinin inkişafında mühüm rol oynayır. Dövlət büdcəsi və Avropa İttifaqı proqramları vasitəsilə maliyyələşən institut film istehsalını dəstəkləyir, peşəkar kadrların yetişdirilməsinə şərait yaradır və kino mədəniyyətinin qorunması üçün müxtəlif təşəbbüslər həyata keçirir. EFİ eyni zamanda regional film fondları ilə əməkdaşlıq edərək ölkənin müxtəlif bölgələrində çəkilişləri stimullaşdırır.

EFİ-nin dəstəklədiyi filmlər son illərdə beynəlxalq festivallarda mühüm uğurlar qazanıb. Məsələn, Martti Heldenin “Risttuules” (2014, Çarpaz küləkdə) və Tanel Toomun “Tõde ja õigus” (2019, Həqiqət və ədalət) filmləri müxtəlif beynəlxalq festivallarda mükafatlara layiq görülüb. Bu da Estoniya kinosunun qlobal məkanda nüfuzunun artmasına səbəb olub.

Bu fəaliyyətlər nəticəsində qazanılmış beynəlxalq uğurlar film istehsalına ayrılan büdcənin ildən-ilə artmasına səbəb olur. 2020-ci ildə EFİ-nin büdcəsi 8,3 milyon avro təşkil etdiyi halda, 2023-cü ildə bu rəqəm 12 milyon avroya çatıb. Bu artım EFİ-nin film istehsalını, təhsili və beynəlxalq əməkdaşlığı dəstəkləmək istiqamətindəki fəaliyyətini gücləndirib.

Bütün bu uğurlar göstərir ki, Estoniya Film İnstitutu təkcə ölkə daxilində kino istehsalını təşkil edən mərkəz deyil, həm də Estoniya kinosunu beynəlxalq platformaya daşıyan strateji bir mədəniyyət qurumudur.

Estoniyada film sənayesinin inkişafı istiqamətində aparılan ardıcıl siyasət nəticəsində həm istehsal həcmi, həm yerli filmlərin izlənmə sayı, həm də kassa gəlirləri bütün dövrlərin ən yüksək həddinə çatıb. 2019-cu yerli filmlər 848,000 baxış sayı və 4.58 milyon avro kassa gəliri ilə ümumi bazar payının 23%-ni təşkil edib. Pandemiyadan sonra, 2023-cü ildə isə 54 yerli film nümayiş etdirilib, 613,227 baxış sayı və 4.2 milyon avro kassa gəliri əldə edilib. 1.3 milyon əhalisi olan dövlət üçün bu rəqəmlər uğur sayılsa da, etiraf etmək lazımdır ki, bir çox yerdə olduğu kimi Estoniyada da filmlər öz büdcələrini kassa gəlirləri ilə qarşılaya bilmirlər, bu da film sahəsinin inkişafı üçün dövlət təşəbbüsünün vacibliyini göstərir. Daxili kassada bir filmin qazana biləcəyi ən yüksək gəlir həddi aşağı olsa da, müəyyən dövrlərdə bəzi filmlərin yerli auditoriya üçün kult səviyyəsində məşhurlaşdığını və ya beynəlxalq film festivallarında uğur qazandığını görürük:

Həqiqət və ədalət (Tõde ja õigus, 2019)

Rejissor: Tanel Toom

Kassa gəliri: €1.55 milyon (yalnız Estoniya daxilində)

Baxış sayı: 267,500+

Uğurları: 92-ci Oskar mükafatlarında “Ən yaxşı beynəlxalq film” kateqoriyası üzrə qısa siyahıya daxil edilib / Estoniyada bütün dövrlərin ən çox baxılan yerli filmi

Sinif yığıncağı 2: Toy və cənazə (Klassikokkutulek 2: Pulm ja matus, 2018)

Rejissor: René Vilbre

Kassa gəliri: €859,000

Baxış sayı: 146,500+

Sinif Yığıncağı 3: Xaç ataları (Klassikokkutulek 3: Isa pojad ja pühad vaim, 2019)

Rejissor: René Vilbre

Kassa gəliri: Dəqiq rəqəm göstərilməyib, lakin ilk onluğa daxil olub

Baxış sayı: 122,000+

Ott Tänak: Film (Ott Tänak: The Movie, 2019)

Rejissor: Tarvo Mölder

Kassa gəliri: Təxminən €500,000

Baxış sayı: 96,232

Lotte və itmiş əjdahalar (Lotte ja kadunud lohed, 2019)

Rejissorlar: Janno Põldma, Heiki Ernits

Kassa gəliri: €310,000 (ilk ay)

Baxış sayı: 76,745

Uğur: Berlin Film Festivalının uşaq filmləri bölməsində iştirak edib

Tulnukas 2: Valdisin qayıdışı 17 hissədə (Tulnukas 2 ehk Valdise tagasitulek 17 osas, 2024)

Rejissor: Rasmus Merivoo

Kassa gəliri: Hələlik tam rəqəmlər açıqlanmayıb

Baxış sayı: 68,000+ (ilk iki həftədə)

Fränk (Fränk, 2025)

Rejissor: Tõnis Pill

Kassa gəliri: Rəsmi rəqəmlər tam təqdim edilməyib

Baxış sayı: 73,000+ (2025 aprelə qədər)

Qeyd: Araşdırma Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə aparılıb.

Seymur Eyvazlı

Əlaqədar Yazılar