Əsas ARKA-DA ALTERNATİV KİNO AKADEMİYASI YARADILIR

ALTERNATİV KİNO AKADEMİYASI YARADILIR

by editor

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino Akademiyası təsis edib. Layihənin kuratorluğu ARKA-nın əməkdaşı, kinorejissor Elxan Cəfərova həvalə edilib.

Alternativ Kino Akademiyasının ilk tədbiri aprel ayının 3-də Nizami Kino Mərkəzində baş tutub. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən ARKA-ya təqdim olunan 16 tələbənin layihəsindən 7-nin təqdimatı olub. Xəyal Rzanın “Allaha salam”, Şirin Əhmədovun “Sürəyyanın 32-ci günü”, Mirhafiz Həsənovun “Çağırılmamış qonaq”, Məhəmməd Məmmədovun “Qayıtdım”, Elmar Fərzəliyevin “Düşmüş mələk”, Araz Quliyevin “İkinci nəfəs” və Mirzahid Ağayevin “İnam” layihələri tədbirdə müzakirə olundu.

Xəyal Rzanın “Allaha salam” qısametrajlı bədii filmi I Qarabağ müharibəsində hər iki ayağını itirən qazidən bəhs edir. Qazi II Qarabağ müharibəsində şanlı zəfər xəbərindən sonra qəbiristanlığa basdırılmış ayaqlarını ziyarət edir və uzanıb özünü “ayaqlarıyla” birləşdirərək bütünləşir.

Şirin Əhmədovun “Sürəyyanın 32-ci günü” qısametrajlı bədii film layihəsi insanların gördükləri və yaxud görmədikləri cisimlərə inamından bəhs edir. İkinci Qarabağ müharibəsi Sürəyyanı yenidən öz uşaqlığına, unutduğunu zənn etdiyi xatirələrə aparır. Onu ən çox narahat edən uşaq vaxtlarında həyətlərində olan atdır. Atın sonrakı taleyi haqqında düşünmək ona rahatlıq vermir.

Mirhafiz Həsənovun “Çağırılmamış qonaq” qısametrajlı bədii filminin məzmuna görə, kafedə ad gününü qeyd edən 4 dostun masasına 3 arzu yerinə yetirən, sehrli və qızarmış qızıl balıq gəlir. Hadisələr bundan sonra məzəli məcrada davam eidr.

Məhəmməd Məmmədovun “Qayıtdım” qısametrajlı bədii dramı ucqar dağ kəndində yaşayan ananın müharibəyə yolladığı oğlunun yolunu həsrətlə gözləməyindən bəhs edir.

Elmar Fərzəliyevin “Düşmüş mələk” qısametrajlı bədii filmi metal içki qabları yığıb sataraq yaşamını davam etdirən insandan bəhs edir.

Araz Quliyevin “İkinci nəfəs” sənədli film layihəsi ekoloji təhlükəsizliyimizi təmin edən məişət tullantılarının yenidən emal olunmasından bəhs edir.

Mirzahid Ağayevin “İnam” layihəsi də dram janrında bədii filmdir. Filmin məzmununa görə, on iki yaşına qədər uşaq evində böyümüş Taleh illər sonra öz doğma ailəsini tapmaq üçün ögey atasının maneələrinə baxmayaraq mübarizə aparır və buna nail olacağına inanır.

Qeyd edək ki, Alternativ Kino Akademiyasının yaradılmasında əsas məqsəd tələbə kinematoqrafçıların yaradıcılıq fəaliyyətinə təşviqi, kinoda yeni məzmunun yaradılması, kino vasitəsilə xaricdə milli-mənəvi dəyərlərin çatdırılması üçün işlərin görülməsidir. Həmçinin qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ARKA tərəfindən inzibati, yaradıcı məsələlərin təkmilləşdirilməsi, yerli və beynəlxalq festivallarda iştirakın təşviqi, məzmun keyfiyyətinin artırılması, qlobal kino cərəyanlarının təhlili, müasir yerli kino cərəyanlarının yaradılması, sənədləşmə proseslərində operativliyin tətbiqi nəzərdə tutulur.

Əlaqədar Yazılar